Gündəm

Zakir Həsənov Rusiya sülhməramlılarının yerləşdiyi əraziləri daimi nəzarətdə saxlamağı tapşırıb

Noyabrın 5-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, həmçinin hərbi birlik və birləşmə komandirləri iştirak ediblər.

ENA.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib.

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.

Qeyd olunub ki, müdafiə naziri Hərbi Hava Qüvvələrinin, Xüsusi Təyinatlı Qüvvələrin, həmçinin Raket və Artilleriya Qoşunlarının ölkəmizin cənub rayonlarında dislokasiya olunan hərbi hissələrində və Əməliyyat (Komando) bölmələrində olub, buradakı təlim mərkəzlərinə baxış keçirib, bölmələrin praktiki döyüş hazırlığı məşğələlərini izləyib. Əməliyyat planları dəqiqləşdirilib, döyüş hazırlığının daha da yüksəldilməsi ilə bağlı komandanlıq qarşısında konkret tapşırıqlar qoyulub.

Ali Baş Komandanın Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında səsləndirdiyi “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz” sözlərini xatırladan nazir, şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsi, təlimlərin, o cümlədən səhra məşğələlərinin intensivliyinin artırılması barədə tapşırıqlar verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department