Ukrayna İranı terrorçu dövlət kimi tanımağa hazırlaşır
Ukrayna Ali Radasına İranla diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub.
ENA.az xəbər verir ki, bu barədə deputat Aleksey Qonçarenko “Telegram” kanalında bildirib.
Məlumata görə, qanun layihəsində İranın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması məsələsi yer alıb.
“Sənəddə parlamentə təklif olunub ki, İranın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması və ona qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı BMT, Avropa Parlamenti, AŞPA, NATO və digər beynəlxalq təşkilatlara, həmçinin üçüncü ölkələrin hökumətlərinə müraciətlər etsin”, - deyə Qonçarenko vurğulayıb.
Onun fikrincə, qanun layihəsi tezliklə müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, Rusiya ordusunun Ukraynaya qarşı döyüşlərdə İran istehsalı PUA-lardan istifadə etməsi Kiyevlə Tehran arasında münasibətlərin gərginləşməsinə səbəb olub.