Nvidia və Apple Trampın Ağ Evdəki bal zalına 25 milyon dollar ayırıb
ABŞ Prezidenti Donald Trampın Ağ Evdə tikdirmək istədiyi bal zalının inşası üçün iri texnologiya şirkətləri və varlı şəxslər ümumilikdə 333 milyon dollar ianə vəd ediblər.
ENA.az xəbər verir ki, “The Washington Post” qəzetinin əldə etdiyi sənədlərə əsasən, “Nvidia” və “Apple” şirkətlərinin hər biri layihəyə 25 milyon dollar ayırmağı öhdəsinə götürüb. Eyni məbləğ Adelson ailəsi və “Dish Network”un rəhbəri Çarlz Ergen tərəfindən də vəd edilib. “Google”un töhfəsi 22 milyon dollar, “Microsoft” və “Palantir” şirkətlərinin hər birinin ianəsi isə 10 milyon dollar təşkil edib.
Sənədlərə görə, ianələrin ən azı 77 milyon dolları anonim donorların payına düşür. Ümumilikdə 57 donorun hər biri ən azı 100 min dollar ayırmağı öhdəsinə götürüb. Layihə qeyri-kommersiya təşkilatı vasitəsilə maliyyələşdirilir.
İanələr bəzi şirkətlərin federal hökumətlə müqavilələri və tənzimləyici qərarlarla əlaqələri fonunda müzakirələrə səbəb olub. Etika üzrə ekspertlər belə maliyyələşmənin maraqlar toqquşması ilə bağlı suallar yarada biləcəyini bildirirlər. Ağ Ev isə layihənin gələcək nəsillər üçün dövlət binasının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayır.



















