Azərbaycan taxıla olan ehtiyaclarını ödəmək üçün Moldovadan torpaq icarəyə götürməkdə maraqlıdır
Azərbaycan Moldovada taxıl bitkiləri üçün torpaq icarəyə götürməkdə maraqlıdır.
Bu məsələ oktyabrın 10-da Bakıda keçirilən iqtisadi və humanitar əməkdaşlıq üzrə Azərbaycan-Moldova hökumətlərarası komissiyasının 4-cü iclası zamanı müzakirə olunub.
Xüsusən, tərəflərin Moldovada torpaq icarəyə götürməklə ərzaq buğdası və digər dənli bitkilərin (soya, günəbaxan) istehsalı və ixracı imkanlarını nəzərdən keçirə biləcəyi məsələsi müzakirə edilib.
Xəbər verdiyimiz kimi, ölkə prezidenti İlham Əliyev hələ bu ilin yanvarında bəyan etmişdi ki, rəsmi Bakı taxıl yetişdirmək üçün xaricdə taxılçılıq üçün yararlı torpaq sahələrinin icarəyə götürülməsini, sonra isə daxili ehtiyacları ödəmək üçün Azərbaycana idxalını istisna etmir.
Daha sonra Azərbaycan dövlət televiziyası AzTV-yə müsahibə verən prezident bildirib ki, Azərbaycanda taxılçılıqda daxili özünütəminetmə səviyyəsi 62 faizdir və bu göstəricinin 80 faizə çatdırılması vəzifəsi qoyulub. “Hesab edirəm ki, əgər biz təxminən 3-4 il ərzində özümüzü ərzaq buğdası ilə 80 faiz səviyyəsində təmin edə bilsək, bu, çox gözəl nəticə olar”.