Bank

Azərbaycandakı "İran bankı" aktivlərini daha çox nağd saxlayır - HESABAT

Ölkəmizdə fəaliyyət göstərən İran bankı- “Bank Melli İran”ın Bakı filialı 2022-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 5% artıraraq 91 milyon 225,136 min manata çatdırıb. 

Bankın məlumatına görə, hesabat dövründə kredit portfeli 0,4% azalaraq 9 milyon 810,21 min manat təşkil edib. Aktivlərin strukturunda pul vəsaitləri və digər banklardakı müxbir hesablar 51 milyon 433,111 min manat olmaqla ən böyük paya malikdir.

Qeyd edək ki, bu 31 dekabr 2022-ci il ilə müqayisədə 7% azdır.

Aktivlərin 25 milyon 548,672 min manatı isə investisiya qiymətli kağızlarındadır və bu rəqəm ötən 9 ayda  42,4% artıb.

30 sentyabr 2022-ci il tarixinə bankın öhdəlikləri 54 milyon 449,026 min manat olub, başqa sözlə, 5,9% artıb. Bankdakı depozitin həcmi 11,2% artaraq 10 milyon 933,886 min manata çatıb. Hesabat dövründə maliyyə institutları qarşısında öhdəliklər 18% artaraq 27 milyon 107,881 min manat olub. 

Bu dövrdə bankın kapitalı 3,8% artaraq 36 milyon 776,11 min manata yüksəılib. Nizamnamə kapitalı dəyişməyərək 73 milyon 611 min 171,44 manat təşkil edir.

Bu ilin 9 ayında bank filialının xalis mənfəəti 1 milyon 357,221 min manatdır, bu 2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 40,8% artım deməkdir. Bankın faiz gəlirləri 2 milyon 557 min manat, faiz xərcləri -169 min manat, nəticədə xalis faiz gəlirləri isə 2 milyon 389 min manat təşkil edib. 

30 sentyabr 2022-ci il tarixinə cəmi bölüşdürülməmiş zərər 36 milyon 835,062 min manata düşüb. Bank mənfəətlə çıxdığından ilin əvvəlindən bölüşdürülməmiş zərərdə 3,6% azalma baş verib.  

Qeyd edək ki, “Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir və İranla Azərbaycan arasında gedən bütün iqtisadi ödənişlərin həayat keçirilməsində müstəsna rol oynayır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)