BİZNES

İnvestisiya cəlb etmək istəyən startap 1 il Mərkəzi Bankın nəzarətində olacaq

Azərbaycan Mərkəzi Bankı startapların fəaliyyətini tənzimləmək üçün xüsusi tənzimləmə rejimi yaradır və bu bizneslərin birillik fəaliyyətinə nəzarət edəcək.

Bunu eksklüziv açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Fərid Osmanov deyib.

“Qanunvericilik paketinin tərkibində xüsusi tənzimləmə rejimi olan “Sandbox”un yaradılması nəzərdə tutulub. Bu o deməkdir ki, hər hansı bir startap maliyyə bazarlarına girməyi hədəfləyibsə, o gəlib tənzimlənmə rejimindən keçəcək. Mərkəzi Bank onları dəstəkləyəcək", - F. Osmanov bildirib.

Onun sözlərinə görə, AMB 12 ay müddətində onlara dəstək göstərəcək: "Həmin startaplar müvafiq qanunvericilik çərçivəsində, hər hansı limitlər, istifadəçi sayı, əməliyyat sayı və s. çərçivədə 1 il ərzində öz fəaliyyətlərini göstərəcək. Bu müddətdə müəyyən sınaqlar, testlər ediləcək. Requlyator da bu prosesə baxacaq və müəyyən düzəlişlər edəcək. Ondan sonra isə test mərhələlərini uğurla keçdiyi təqdirdə artıq maliyyə bazarlarına daxil ola biləcək”.

Qeyd edək ki, 2021-ci ilin may ayından etibarən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. “Startap” şəhadətnaməsi vergi ödəyicisi olan mikro və yaxud kiçik sahibkarlıq subyektlərinə verilir. Müraciət edən mikro və yaxud kiçik sahibkarlıq subyektlərinin təsisçiləri arasında orta və (və ya) iri sahibkarlıq subyekti olarsa, bu zaman həmin təsisçilərin hüquqi şəxsdə payının 49%-dən çox olmaması zəruridir. “Startap” şəhadətnaməsi gəlir və yaxud mənfəət əldə etmək məqsədilə istehsal olunan, innovativ təşəbbüsə əsaslanan, rəqabətqabiliyyətli, eləcə də şəhadətnamə almış digər startap məhsulu və yaxud xidməti ilə eynilik təşkil etməyən məhsul və xidmətlər üçün verilir.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlir üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)