“İfrat külək” Azərbaycana nə qədər ziyan vurdu? - AÇIQLAMA
Ötən gecə Xəzərdə ən güclü külək qeydə alınıb. Artıq səhərdən başlayaraq küləyin sürəti azalıb və getdikcə vəziyyət düzəlir.
Azərbaycanın ən böyük gəlirlərinin neftdən daxil olduğunu və hasilatın böyük hissəsinin dənizdə aparıldığını nəzərə alsaq, ötən iki gündə Azərbaycana maddi cəhətdən ziyan dəyibmi, yoxsa yox, bunu araşdırmağa çalışdıq.
Həmçinin, ciddi iş rejiminin yaratdığı əlavə xərclər varmı və nədən ibarətdir, bunu öyrənmək istədik.
"BI" xəbər verir ki, Azərbaycanda havanın kəskin dəyişməsi, yəni qış fəsli üçün gözlənilməyən istinin birdən soyuq hava kütləsinə keçməsi güclü külək yaratdı.
Küləyin sürəti Bakının və eləcə də, Azərbaycanın müxtəlif rayonlarında fərqli şəkildə özünü göstərdi.
Proqnozlar bürosunun “ifrat” bəyanatından sonra isə Azərbaycanda əksər qurumlar gücləndirilmiş iş rejiminə keçdiklərini bəyan etdilər. Proqnoz olunan “ifrat”a isə rast gəlmədik, çünki bakılılar bundan daha sürətli küləklər görüb.
Bəs bu cür ekoloji vəziyyətlərin vurduğu maddi ziyan hesablanırmı, dövlət qurumlarının əksəriyyəti, xüsusən də xidmət sektorunun gücləndirilmiş iş rejiminə keçməsi hansı xərclər yaradır?
Qeyd edək ki, hava proqnozu haqqında yayılan ifrat informasiyadan ehtiyat edən əhali daha çox evdən çıxmamağı tərcih etdi, “işə getmək məcburiyyəti” olanlar isə ictimai nəqliyyatdan istifadəyə üstünlük verdi.
Nəticədə, Bakıda çoxdandır görmədiyimiz tıxacsız yolları da gördük. Bunun ictimai nəqliyyat üçün xeyri və ya ziyanına gəldikdə, xüsusən də məktəblərdə tədrisin dayanması ictimai nəqliyyatın, o cümlədən, metronun ötən iki gündəki gəlirlərini azaltdı desək, səhv etmərik.
Proqnoz ab-havasından qazanan isə daha çox marketlər və ərzaq tədarükçüləri oldu, çünki iki gündə çörək və digər ərzaq məhsullarını alanların sayı kəskin artdı, hətta axşamlar diyeta üçün çörək yeməyənlər belə evlərinə ehtiyata çörək aldılar.
Əgər yayılan məlumatları analiz etsək, ötən iki gündə Bakıda, eləcə də, rayonlarda elektrik enerjisində fasilələr qeydə alındı. “Azərenerji” də məlumat yaydı ki, enerjiyə tələbat yüksəlib. Bu isə, nəticədə təbii ki, istehlakın səviyyəsinin artması deməkdir.
Məlumata görə, 16 yanvar tarixi ilə müqayisədə daha çox elektrik enerjisi istehsal edilib və ötürülüb. Belə ki, yanvar ayının 16-da 70.2 milyon kvts elektrik enerjisi istehsal edilmişdisə, yanvarın 17-də 71.3 milyon kvts və ya 1.1 milyon kvts artıq elektrik enerjisi istehsal edilib.
Eyni zamanda, qonşu ölkələrə yanvarın 16-da 7.5 milyon kvts elektrik enerjisi ötürüldüyü halda, yanvarın 17-də 7.8 milyon kvts elektrik enerjisi ixrac edilib. Amma nəzərə alaq ki, istehlak olunursa, onun qiyməti də ödənilir. Burada yeganə zərər elementi bəzi elektrik avadanlıqlarının sıradan çıxması, işçilərin texniki təminatı üçün əlavə xərclərin çəkilməsi ola bilər.
Bununla bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev açıqlamasında bildirdi ki, qaynar xəttə doqquz mindən yuxarı zəng gəlib, bunların arasında elektrik enerjisi ilə təminatda fasilələrin yaranması ilə bağlı narahatlıqlar da olub. Ancaq barmaq hesabı qəza çıxışları qeydə alınıb, ümumilikdə isə sistemə heç bir ziyan dəyməyib. Xüsusən də rayonlarda hər hansı ciddi bir hal qeydə alınmayıb.
T.Mustafayev bildirdi ki, ümumiyyətlə, ciddi iş rejimi ilə bağlı hər hansı əlavə xərc nəzərdə tutulmayıb və işlər tam ahəngi ilə davam edir.
“Ciddi iş rejimi, sadəcə olaraq, daha məsuliyyətli olmaq üçün işlədilir”.
Ölkənin qaz təchizatı ilə bağlı ciddi bir narahatlıq məlumatı isə qeydə alınmadı. Rabitə və internet xidmətlərində fasilələrlə pozuntular yaransa da, sonra bərpa edildi.
Azərbaycanın ən böyük gəlir mənbəyi olan neft hasilatının böyük bir hissəsi isə dənizdə aparıldığından hasilatın düşməsi ilə bağlı müəyyən ehtimallar vardı. Azərbaycanın neft hasilatı ilə bağlı OPEC qarşısında götürdüyü öhdəliyi nəzərə alsaq, gündəlik neft hasilatı 763 min barel olmalıdır. Ötən iki gündə hasilatda azalma olubmu? SOCAR və BP rəsmiləri bu gün verdikləri açıqlamada vəziyyətə aydınlıq gətirdilər.
Qeyd edək ki, SOCAR təhlükəsizlik tədbirləri məqsədilə dənizdə işləyən dörd min işçidən 2500-nü çıxarmışdı. Bu gün isə işçilər tam heyətlə yenidən platformalara çıxarılıb.
SOCAR-ın mətbuat xidməti və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İbrahim Əhmədovun Oxu.Az-a açıqlamasına görə, hasilat bu hadisələrdən ciddi zərər görməyəcək, çünki hasilat işləri plan üzrə davam etdirilib.
“BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə bildirib ki, ötən iki gündə BP şirkəti işçilərin təxliyyəsinə ehtiyac görməyib və BP şirkətinin hər hava şəraiti üçün müvafiq təhlükəsizlik qaydaları və prosedurları mövcuddur. Bu qaydalar əsasında şirkət gözlənilən hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçirib. Güclü küləklə əlaqədar şirkətin neft və qaz hasilatı, ixracı və qazma əməliyyatları isə dayandırılmayıb.