Azərbaycandan aldığı qaz hesabına Bolqarıstanda qiymətlər ucuzlaşacaq
Oktyabrın 1-də Bolqarıstan üçün Azərbaycan qazının bütün həcmi razılaşdırılmış qiymətə olmalıdır, bu, o deməkdir ki, qaz istehlakçıları üçün qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşməlidir.
Bunu BNT televiziyasına açıqlamasında Bolqarıstanın keçmiş energetika naziri Aleksandr Nikolov bildirib.
Onun sözlərinə görə, Azərbaycan təbii qazını Avropaya, orada isə Bolqarıstana nəql edən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) texnoloji icra və tikinti hissəsi tamamlanıb və Yunanıstan tənzimləyicisi tərəfindən sertifikatlaşdırılıb: “İndiki bazar şərtlərini götürsək, bu [qiymətlərin enməsi], təxminən 11 % təşkil edəcək”.
A.Nikolov bildirib ki, qış dövrünün sonuna qədər tələb olunan qaz miqdarının 80-85 %-ni təmin etmək mümkün olub: “Bura Azərbaycandan gələn təchizat və yük gəmiləri də daxildir”.
Xatırladaq ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.