Tarixdə ilk dəfə süni zəka şirkət rəhbəri vəzifəsinə təyin olunub
Çinin mobil oyunlar hazırlayan Fujian NetDragon Websoft adlı şirkətinə süni zəka rəhbərlik etməyə başlayıb. Tang Yu adlı süni zəka sistemi şirkətin general direktoru seçilib. Süni zəka sisteminin köməyi ilə şirkət mümkün ola biləcək bütün biznes risklərini ölçmək niyyətindədir. Beləliklə Tang Yu adlı süni zəka şirkətin gündəlik fəaliyyəti üzrə məsələlərin həll edilməsi öhdəliyini öz üzərinə götürəcək. Bundan əlavə olaraq sözügedən süni zəka real zaman ərzində məlumatların emal edilməsində və şirkətin direktorlar şurası üçün analitikanın tərtib edilməsində istifadə ediləcək.
Şirkət ümumilikdə süni zəkadan şirkət personalının və menecmentinin inkişafına töhfə verilməsini gözləyir. Şirkət əməkdaşları ümid edirlər ki, qərəzsiz süni zəka sistemi bütün işçilər üçün bərabər iş şərtlərinin yaradılmasında yardımçı olacaq. Qeyd etmək lazımdır ki, Tang Yu öz vəzifəsinin öhdəliklərini 26 avqust tarixindən yerinə yetirməyə başlayıb. “Biz inanırıq ki, süni zəka korporativ idarəetmənin gələcəyidir və Tang Yu-nun bu vəzifəyə təyin edilməsi bizim, biznesin idarəsi üsullarının dəyişməsində və nəticədə gələcək strateji yüksəlişin təmin edilməsində süni zəkadan necə tam şəkildə istifadə etdiyimizin bariz nümunəsidir” - deyə Fujian NetDragon Websoft şirkətinin təsisçisi qeyd edib.