Süveyş kanalı yenidən bağlanıb, lakin bu çox çəkməyib
Bakı vaxtı ilə saat 02:10 radələrində Sinqapur bayrağı altında üzən, uzunluğu 250 metrdən çox olan neft tankeri Süveyş kanalında quruya çırpılıb. Bu səbəbdən kanalda naviqasiya müvəqqəti olaraq dayandırılıb. Bir saat sonra, Bakı vaxtı ilə saat 03:05-də hərəkət tam bərpa edilib və gəmi quruya çıxarılıb.
ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
2021-ci ildə kanal artıq başqa bir gəmi tərəfindən bağlanmışdı. Martın 23-də dünyanın ən böyük konteyner gəmilərindən biri olan “Ever Given” Süveyş kanalının cənubunda quruya oturaraq kanalı tamamilə bağlayıb. Gəmi Panama bayrağı altında Çindən Hollandiyaya hərəkət edib. Bu hadisəyə görə dünya ticarəti hər gün təxminən 9.6 milyard dollar, yəni saatda təxminən 400 milyon dollar itirib.
Hadisə ilə əlaqədar Rusiya yükləri də daxil olmaqla, onlarla gəmi Süveyş kanalının şimal və cənub girişlərində toplanıb. O cümlədən, Rusiyadan ümumi dəyəri təxminən 160 milyon dollar olan 2,6 milyon barel neft “tıxac”da ilişib.
Martın 29-da konteyner gəmisi “Ever Given” Süveyş kanalından çıxarılıb.