Bank

Mərkəzi Bank: "Aşağı inflyasiya milli valyutanın sabit alıcılıq qabiliyyətini təmin edir"

Azərbaycan Respublikası Mərkəzi Bankının pul siyasətinin əsas məqsədi ölkədə qiymət sabitliyini, başqa sözlə inflyasiyanın aşağı səviyyədə qorunmasını təmin etməkdən ibarətdir. Aşağı inflyasiya istehlakçılar və biznes üçün əlverişli iqtisadi mühit deməkdir.

ENA.az xəbər verir ki, Mərkəzi Bankın pul siyasətinə dair izahedici sənədə görə, qiymət sabitliyi sahibkarlara və ev təsərrüfatlarına imkan verir ki, onlar öz planlarını əminliklə və daha uzunmüddətli dövrə tərtib etsinlər. Aşağı inflyasiya milli valyutanın sabit alıcılıq qabiliyyətini təmin edir. Stabil aşağı inflyasiya gəlirlərin və yığımların dəyərsizləşməsinin qarşısını alaraq milli valyutada uzunmüddətli yığımları stimullaşdırır, dollarlaşmanı və faiz dərəcələrini azaldır. Bütün bunlar da iqtisadi artıma və maliyyə sabitliyinə müsbət təsir edir.

Pul siyasətinin son hədəfi olan inflyasiyanı ölçmək üçün istehlak qiymətləri indeksindən istifadə olunur. Azərbaycanda bu göstərici Dövlət Statistika Komitəsi tərəfindən bütün zəruri tələbat malları və xidmətlərin daxil edildiyi istehlak səbəti əsasında hesablanaraq ictimaiyyətə təqdim olunur. Əhalinin rifah səviyyəsindən və istehlak bazarındakı tendensiyalardan asılı olaraq istehlak səbətinə daxil olan məhsul və xidmətlər dəstinə vaxtaşırı baxılır.

Mərkəzi Bankın inflyasiya üzrə hədəfinin kəmiyyət parametrləri növbəti il üçün müəyyənləşdirilərək ictimaiyyətə açıqlanır. İllik hədəf istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi (və ya 12 aylıq inflyasiya) üzrə müəyyən olunur. Son hədəf əsasında pul siyasətinin aralıq və əməliyyat hədəfləri müəyyən olunur. Perspektivdə inflyasiyanın hədəflənməsi rejiminə keçidlə başlıca əməliyyat hədəfi olaraq banklararası pul bazarındakı qısamüddətli faizlərdən istifadə etmək nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)