Azərbaycanlılar yaxşı geyinməyi çox sevir: niyə yerli malı bəyənmirik?
Azərbaycanda geyim istehsalı getdikcə artır.Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında ölkədə 88,5 milyon manatlıq paltar və ayaqqabı istehsal olunub.
Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 52% çoxdur. Bununla belə, təcrübə göstərir ki, Azərbaycan vətəndaşları geyim məsələsində bacardıqca xarici mallara üstünlük verir, azı "türk malı" almağa çalışırlar. Söhbət imkanlı təbəqədən getmir. Əhalinin kasıb təbəqəsi də yerli paltar və ayaqqabı almamağa çalışır. Baxmayaraq ki, Azərbaycanda istehsal olunan geyimlər təkcə daxil bazara deyil, "Made in Azerbaijan" brendi ilə xarici bazara çıxarılır, amma bu brendə maraq hələ ki, aşağı səviyyədədir. "Report" bunun səbəblərini araşdırmağa çalışıb.
"Klasterləşən müəssisələrə dəstək olmalıyıq"
“Bakı Tekstil Fabriki” MMC-nin direktoru Səkinə Babayeva bildirir ki, Azərbaycanda əhalini qane edən geyim istehsalı üçün əsas maneə kadr çatışmazlığıdır: "Azərbaycanın tekstil sahəsində uzun illərə dayanan ənənələri var. Vaxtilə həm üst geyim, həm iç geyim, həm də çoxlu çeşiddə gündəlik tələbat malları istehsal etmişik. Lakin SSRİ dövründən qalma tekstil müəssisələrinin çoxu ləğv olunub. Hazırda bu sahədə əsas problem kadr məsələsidir. Tekstildə insan əməyinə daha çox ehtiyac var. Mövcud problemlərin həlli bir gündə mümkün deyil. Əsas odur ki, dövlət artıq bu sahəyə diqqət göstərir. Texniki peşə məktəblərinin yaradılması, pambıqçılığın inkişaf etdirilməsi, gələcəkdə dizayner-texnoloqların bu sahəyə verəcəyi diqqət “Made in Azerbaijan” brendinin inkişafını sürətləndirəcək.
Bu sahədə həm sahibkarlar biliklərini inkişaf etdirməli, həm də onlara böyük dövlət dəstəyi olmalıdır. Klasterləşən və işini bilən müəssisələrə yer vermək, onlara dövlətin tenderlərindən müəyyən pay vermək lazımdır ki, kadrlarını itirməsinlər. Digər tərəfdən, məhsulun bütün parametrlər üzrə keyfiyyət göstəriciləri olmalıdır. Xarici bazara çıxmasaq, daxili bazarda da istehsal edəcəyimiz məhsulların alıcısı çox az olacaq. Nəticədə yenə xammal satmağa məcbur olacağıq. İlk olaraq klasterləşməni doğru qurmalıyıq. Hazırda 5-7 potensiallı müəssisəmiz var. Kənardan tekstilə asan bir sahə kimi baxırlar, amma belə deyil. Tekstil yaradıcılıq tələb edən sahə olduğuna görə burada kadr potensialının yüksək olmasına ehtiyac var".
"Keyfiyyətli xammal əldə etməliyik"
"İqtisadi və Sosial Araşdırmalara Yardım" İctimai Birliyinin sədri Əyyub Kərimli isə yerli malların baha başa gəldiyini, buna görə də onlara marağın az olduğunu, əsas problemin xammal təchizatı ilə bağlı olduğunu hesab edir: “Tekstil və geyim sənayesinin xammalı bizə Türkiyə, Çin və digər ölkələrdən gəlir və onun qiyməti maya dəyərinə təsir edir. Nəticədə yerli məhsul baha qiymətə satışa çıxarılır. Ucuz qiymətə keyfiyyətli mal istehsal etmək üçün daha keyfiyyətli xammal idxalına ehtiyac var. Türkiyədən geyim almaq yerli məhsulu almaqdan ucuz başa gəlir. Çünki Türkiyədə tekstil sənayesi çox inkişaf edib və dünyanın bir çox ölkələri ilə rəqabətə davam gətirib. Yaxşı olar ki, bizdə pambıqçılıqla bərabər emal sənayesi də inkişaf etdirilsin, emal sənayesi müəssisələrində həmin pambıqdan müəyyən parçalar, liflər, ipliklər istehsal edilsin və maya dəyəri daha da azalsın. Bu da yerli istehsalı daha keyfiyyətli və əlçatan edər”.
"Avtomatlaşdırılmış sistemin qurulmasına ehtiyac var"
İqtisadçı ekspert Eldəniz Əmirov isə yerli geyimin keyfiyyətinin xeyli aşağı olduğunu deyir: "Azərbaycanda trikotaj sahəsində vəziyyət bərbaddır. Buna görə də Azərbaycan istehlakçısı yerli məhsullara o qədər də üstünlük vermir. İstər ölçülərin uyğunluğu, istər tikilişin keyfiyyəti, istərsə də istifadə olunan xammalın keyfiyyəti baxımından yerli məhsulları almağın əlverişli olmaması ilkin problemdir. İkinci problem bizdə brendləşmənin olmamasıdır. Hətta ən ucuz Çin mallarını alan şəxslər belə, brendin özünü olmasa da, oxşarlarını, keyfiyyətsiz olsa belə, həmin brendə bənzədilmiş, yaxud üzərində həmin brendin adı yazılmış məhsulları almağa üstünlük verir.
Digər tərəfdən, emal sahələrində ciddi problemlər var. Bəzi istisnalar xaricində emal sahələrimiz demək olar, inkişaf etməyib. Bu sahədə həm ciddi güzəştlərə, həm peşəkarlığın artırılmasına, həm də daxili bazarı qorumağa ehtiyac var. Daxili bazarın qorunması kompleks tədbirlər tələb edir. Bu gün həddən çox ucuz qiymətə xaricdən malları ölkəmizə idxal etmək olur. Amma həmin ucuz qiymətə yerli istehsala nail olmaq olmur. Yerli istehsalatda həmin qiymətlə rəqabət aparacaq məhsul istehsal etsək, keyfiyyət hədsiz aşağı düşəcək. Çünki xaricdən gətirilən məhsulların keyfiyyətsizlərinin belə, istehsalı üçün bir avtomatlaşdırılmış sistem qurulub. Həmin ölkələrdə istehsalatda əvvəldən axıra qədər zəncirvari proses gedir və bu zəncir heç yerdə qırılmır. Nəticədə məhsulun ölçülərinin uyğun olması, standartlara cavab verməsi və kütləvi istehsal olunması onun qiymətinin də aşağı olmasına gətirir. Bu gün Azərbaycanda hansısa sahibkarın bir sex açmaqla beynəlxalq bazarlarda istehsal olunan məhsullarla mübarizə aparacaq istehsala nail olması çox çətindir”.
"Texnologiya baxımından xarici ölkələrdən qismən geri qalırıq"
Onun sözlərinə görə, yerli istehsalın avtomatlaşdırılmış formaya keçməsi üçün böyük maliyyə vəsaiti və zəngin təcrübə tələb olunur: “Bunlar kifayət qədər olmadığına görə istehsal olunan məhsullar həm xammalın keyfiyyəti, həm də peşəkarlıq baxımından səmərəsiz olur. Eyni zamanda bizim istehsalatda tətbiq olunan dəzgah və cihazlar qismən digər ölkələrdən geri qalır. Azərbaycanın geyim brendlərinin sayı azdır. Halbuki, ölkəmizdə bu sahə üzrə kifayət qədər xammal bazası var. Olmayan xammalı da yetişdirmək üçün kənd təsərrüfatı potensialımız mövcuddur. Kənd təsərrüfatında xammal bazasının yaradılması, onun emala göndərilməsi, emaldan sonra isə hazır məhsul olaraq istehsal edilməsi zəncirvari və bir-birilə bağlı olan proseslərdir.
Əvvəllər Şəkidə 12 min işçisi olan ipəkçilik kombinatı var idi. Bu müəssisə SSRİ dövründə tanınmış müəssisə idi. Bu gün həmin müəssisə iflic vəziyyətdədir və potensialının da cüzi bir hissəsindən istifadə edilir. Bu tip müəssisələrimizi işə salmaq, çatışmazlıqlarını aradan qaldırıb inkişaf etdirmək olar. Yeni brendləri yaratmaq üçün nədənsə başlamaq lazımdır. Paltar-trikotaj məhsulları almaq üçün ölkədən xaricə böyük miqdarda valyuta çıxır. Ən azı bu valyutanı ölkədə saxlamaq üçün bu məhsulların yerli istehsalına nail olmalıyıq. Bu da taxıl deyil ki, deyək ərazimiz yoxdur, taxıl əkə bilmirik, ona görə də onu xaricdən almalıyıq”.
Bir sözlə, görünən odur ki, yerli paltar və ayaqqabını ölkə vətəndaşlarının əsas seçiminə çevirmək üçün həm dövlət, həm də özəl sektor səviyyəsində görüləsi işlər hələ çoxdur. Geyim istehsalını sex səviyyəsindən fabrik səviyyəsinə çıxarmalı, onu keyfiyyətli xammaldan və bacardıqca ucuz ərsəyə gətirməli, bundan sonra isə Azərbaycan vətəndaşını başdan ayağa geyindirməyə iddialı olmalıyıq.