Brent üzrə proqnozlar kəskin fərqlənir: İlin sonu üçün 55, yoxsa 90 dollar?
Beynəlxalq maliyyə institutları və investisiya bankları Brent markalı neftin qiyməti ilə bağlı proqnozlarını yeniləyiblər. Maraqlıdır ki, eyni bazara baxmayaraq, qurumların ilin sonu üzrə gözləntiləri arasında ciddi fərqlər var. Ən pessimist proqnoz Brent neftinin ilin sonunda 55 dollara enəcəyini, ən optimist ssenarilər isə qiymətin 90 dollara qədər yüksələcəyini nəzərdə tutur.
Bloomberg HT-nin topladığı məlumata görə, ilin sonu üçün ən yüksək qiymət proqnozlarını irəli sürən qurumlar sırasında Morgan Stanley və Rabobank yer alır. Hər iki təşkilat Brent neftinin 2026-cı ilin sonuna qədər 90 dollar səviyyəsində olacağını gözləyir. Morgan Stanley ikinci rübdə qiymətin hətta 110 dollara qədər yüksələcəyini proqnozlaşdırır.
Daha ehtiyatlı mövqe tutan qurumlar arasında Standard Chartered (80,5 dollar), Goldman Sachs (80 dollar) və Commerzbank (80 dollar) var. Bu qurumlar geosiyasi risklərin davam etməsinə baxmayaraq, ilin sonuna doğru bazarda tarazlaşmanın baş verəcəyini düşünürlər.
Ən aşağı proqnoz isə JPMorgan-a məxsusdur. Bank Brent neftinin ilin sonunda 55 dollar olacağını gözləyir. Julius Baer 60 dollar, ING isə 62 dollar səviyyəsində qiymət proqnozu açıqlayıb. Bu yanaşma qlobal iqtisadi artımın zəifləməsi və təklifin artması ilə əsaslandırılır.
Analitiklər hesab edirlər ki, proqnozlar arasındakı böyük fərq bazarda qeyri-müəyyənliyin yüksək olduğunu göstərir. Yaxın Şərqdəki geosiyasi vəziyyət, OPEC+ ölkələrinin hasilat qərarları, ABŞ və Çin iqtisadiyyatlarının dinamikası, eləcə də qlobal enerji tələbatı qiymətlərin əsas istiqamətverici amilləri olaraq qalır.
Azərbaycan üçün bu proqnozlar xüsusi əhəmiyyət daşıyır. Dövlət büdcəsində neftin baza qiyməti daha aşağı götürülsə də, Brent neftinin 70-80 dollar diapazonunda qalması büdcə gəlirləri və tədiyə balansı baxımından əlverişli hesab olunur. Qiymətlərin 90 dollara yaxınlaşması əlavə gəlirlər yarada bilər, 60 dollardan aşağı enməsi isə neft ixracatçısı ölkələr üçün müəyyən risklər formalaşdırar.
İlin sonu üzrə əsas proqnozlar
| Qurum |
Brent neftinin ilin sonu üzrə proqnozu |
|---|---|
| Morgan Stanley | 90 dollar |
| Rabobank | 90 dollar |
| Macquarie Group | 86 dollar |
| Standard Chartered | 80,5 dollar |
| Goldman Sachs | 80 dollar |
| Commerzbank | 80 dollar |
| Citigroup | 75 dollar |
| JYSKE Bank | 75 dollar |
| MPS Capital | 75 dollar |
| Bank of America | 74 dollar |
| HSBC | 73 dollar |
| Landesbank BW | 70 dollar |
| Intesa Sanpaolo | 70 dollar |
| BMI | 69 dollar |
| UBS | 67 dollar |
| ING | 62 dollar |
| Julius Baer | 60 dollar |
| JPMorgan | 55 dollar |


















