"Harda özünü xoşbəxt hiss eləsən evin orda olur": Azərbaycanda karavan
Koronavirus epidemiyası insanların səyahət seçimlərində də dəyişiklik yaratdı. Təbiətə qayıdış və mavi səfərlərə maraq artarkən, çadır, düşərgə və karavan turizmi də çoxaldı. Karavanla Azərbaycanı gəzmiş Tərxan Tərlanzadənin karavan haqqında fikirlərini oxucularımıza təqdim edirik.
Türkiyədə karavan
Əvvəlcə bu sahədə tendensiyaya qonşu Türkiyənin timsalında baxaq. Türkiyədə bir-birinin ardınca açılan karavan dayanacaqları və düşərgə sahələri ilə sektorun həcmi 500 milyon dollara yüksəlir. 2021-ci ilə qədər Türkiyədə 220.000-ə yaxın avtomobil karvanı və lisenziyalı avtomobillərin olduğu təxmin edilsə də, dünyada bu rəqəm 15 milyona yüksəlir. 2020-ci ildə 3 min karavan və motorhomes istehsal olunduğu halda, 2021-ci ildə bu rəqəm 10 dəfə artıb. İstehsalçılar hazırda yüksək tələbat səbəbindən ən tez 1 il ərzində karavanı çatdırırlar.
Qiymətlər barədə məlumat verən Anadolu Expo İdarə Heyətinin sədri Sadettin Haymana bildirib ki, yeni avtomobil və ya yeni avtomobil alıb qoşquda saxlamağın qiyməti 30-35 min avrodur. “Yeni avtomobil karvanın qiyməti 100 min avrodur. Kiçik evlərin qiyməti 50 min avrodan başlayır və 250 min avroya qədər qalxır. Sektorda istər lizinq, istərsə də sənaye tərəfində şirkətlərin sayı artıb. Bu inkişafdan asılı olaraq karvan düşərgələri yaradılır. Xüsusilə təbii gözəllikləri olan bölgələrdə infrastruktur prosesi başlayıb. İstər təhlükəsizlik baxımından, istərsə də ailəvi tətil seçiminə çevrilməsi, alış-veriş imkanları və təbii ki texnoloji dəstək ehtiyacı baxımından karavan yolları və düşərgə sahələrinə üstünlük verilir. Məsələn, Qara dənizdən başlayaraq Şərqi Anadolu və Cənub-Şərqi və ya Aralıq dənizinə uzanan bir sıra marşrutlar yaradılır”.
Azərbaycanda karavan
“Pandemiyada hamı özünə yaxınlaşdı, özümüzə daha çox zaman ayırdıq. Təbiətə getmək, harasa uzaqlaşmaqla əslində insan özünə yaxınlaşır. Karavana olan maraq da insanların özü-özü ilə baş-başa qalmaq istəyi ilə məşhurlaşdı. Çünki hara getsən evi özünlə aparırsan. Harda özünü xoşbəxt hiss eləsən evin orda olur”.
Tərxan Tərlanzadənin sözlərinə görə, Azərbaycanda karavan mədəniyyəti məhz bu faktorlar əsasında başlayıb, yenidir, ölkədə 5-6 karavan var, ancaq inkişaf edəcək, çünki tələbat yaranır. Tərxan karavanı 8 min avroya Avropadan gətizdirib, eni 1,10, uzunluğu isə 2 metrdir. Adətən özü istifadə edir və ya karavan ətrafında konsertlər təşkil edir, şəkil çəkdirmək üçün təkifləri yaxına buraxmır, çünki hesab edir ki, karavan dekor deyil, karavanla səyahət etmək lazımdır.
Bəs, bunun üçün nə lazımdır, kimlər karavana sahib ola bilər?
Qoşqu karavan, avtokaravanlar var. Avtokaravanlar qısa istirahət uçundur. Qoşqu karavanla isə uzun müddət istirahətə çıxmaq olar, çünki sanitar qovşaq, mətbəx və yaşayış üçün digər avadanlıqlarla tam təchiz olunub.
Azərbaycanda karavan satışı yoxdur, ancaq xaricdən gətirtmək olar, işlənmiş karavanların qiyməti 8-9 min avrodan başlayır. Yeni karavanların qiyməti isə 35-40 min avrodur. Təbii ki, təhcizatından asılı olaraq çox bahalıları da var.
Azərbaycan karavan turizmi üçün çox əlverişlidir, amma hazırda lazımi infrastruktur yoxdur. Karavanların dayanacaq yerləri olmalıdır. Məsələn, Xızıda, Qubada, Gədəbəydə, Qəbələdə və s. kifayət qədər təbii gözəlliklər var və karavan turları yaratmaq olar. Üstəlik, karavan turizmi hər mövsüm üçün keçərlidir, çünki daxili isitmə və soyutma sistemlərinə malikdir.
Karavan sürmək elə də asan deyil
Amma hamı, yəni hər avtomobil sürən karavan sürə bilməz. Karavan sürmək üçün E kateqoriyası olmalıdır. Çünki karavan bir qoşqudur və onu sürmək elə də asan deyil, burada icazə verilən kütlə 350 kq-dan çoxdur.
Bununla belə, karavana maraq var, çünki harada bir gözəllik tapsan, orada bir evinin olması əla hissdir. Ona görə də Azərbaycanda turizmin yeni bir qolu kimi karavan səyahətləri inkişaf etdirilməlidir.
Karavan satışı və icarəsində qiymətlər
Qeyd edək ki, Azərbaycanda artıq karavan satan da var. İnternetdəki elanların birində göstərilir ki, Almaniya istehsalı Hobby markalı karavan satılır, çox az istifadə olunub. 4 yataq, mətbəx və tualeti var. Buraxılış ili 1996, yürüşü 19000 km-dir. Qiyməti isə 17 min 700 manatdır.
Başqa bir elana görə, karavan icarəyə verilir. İşində soyuducu, 4 nəfər yatmaq üçün rahat yataq, qaz, işıq sistemi, divanı belə var və bu qoşqu karavanın günlük icarəsi 80 manatdır. Əslində pis qiymət deyil. (AviaTravel)