Qarabağ

Qarabağ separatçıları Rusiya sülhməramlılarının komandanlığı ilə görüşdü

Avqustun 23-də Xankəndidəki separatçı-terrorçu dəstənin qondarma “parlamentininin 5 nümayəndəsi” Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb.

ENA.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüşün keçirilməsinə səbəb Rusiyanın Ermənistan Respublikasındakı səfirliyinin müşaviri Maksim Seleznyovun son bəyanatı, həmçinin avqustun əvvəlində Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatından sonra yaranmış vəziyyət olub.

Görüşdə Rusiya Federasiyasının sülhməramlı kontingentinin məsul şəxsləri qeyd olunan məsələlərlə bağlı izahat veriblər. Xüsusilə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edərək, Laçından yan keçən yeni yolun “Laçın dəhlizi” ilə eyni hüquqi statusa malik olacağını, 5 kilometrlik enində təhlükəsizlik zonasının müəyyənləşdirildiyini, bitən bütün təhlükəsizlik komponentlərinin qorunub saxlanacağını qeyd ediblər.

Bildirilib ki, Xankəndini Ermənistanla birləşdirən 32 kilomeytrlik yeni yolda Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək.

Rusiya sülhməramlı kontingentinin komandanlığının nümayəndələri avqust hadisələri ilə bağlı lazımi nəticələr çıxardıqlarını qeyd edərək, gələcəkdə bu cür halların qarşısının alınması üçün əlavə səylər göstərəcəklərini və Qarabağdakı ermənilərin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəklərini əmin ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)