Gündəm

“British Airways” minlərlə uçuşu ləğv edəcək

Böyük Britaniyanın “British Airways” aviaşirkəti cari ilin oktyabr ayının sonuna qədər əlavə uçuşları, qışda isə minlərlə reysi ləğv edəcəyini açıqlayıb.

ENA.az xəbər verir ki, bu barədə aviaşirkətin bəyanatında deyilir.

“Müştərilərimizin böyük əksəriyyəti planlaşdırıldığı kimi səyahət edəcək və biz payız fasiləsi üçün əsas istiqamətləri saxlayacağımıza baxmayaraq, oktyabrın sonuna qədər növbəti uçuşların ləğvinə getməli olacağıq. Bundan əlavə, biz qış dövründə xidmətlərimizdən istifadə edən müştərilərə bəzi cədvəl dəyişiklikləri, o cümlədən qısamüddətli uçuşların bəzilərinin üst-üstə düşməsi barədə əvvəlcədən xəbərdar edirik”, - bəyanatda qeyd olunur.

Qeyd edək ki, ümumilikdə gələn ilin mart ayının sonuna kimi aviaşirkətin 8%-i və ya 10 minə yaxın reysləri həyata keçirilməyəcək. Avqustun əvvəlində “British Airways” kadr çatışmazlığı səbəbindən Londondakı Hitrou hava limanından qısamüddətli uçuşlar üçün bilet satışını bir həftə müddətinə dayandırmışdı.

Belə tədbirlər daha əvvəl Hitrou rəhbərliyinin hava limanından gündəlik istifadə edə biləcək sərnişinlərin sayına məhdudiyyətlər qoyması səbəbindən həyata keçirilib. Hazırda hava limanı gündə 100 mindən çox insana xidmət göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)