Gündəm

Çinin 21 təyyarəsi Tayvanın hava məkanının tanınma zonasına daxil olub

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin rəhbərlik etdiyi heyətin olduğu təyyarə Tayvana yaxınlaşarkən Çin hərbi hava qüvvələrinə məxsus müxtəlif təyinatlı 21 təyyarə Tayvanın hava məkanının tanınma zonasına daxil olub.

ENA.az xəbər verir ki, bu barədə Tayvan mediası adanın hərbi səlahiyyətlilərinə istinadla xəbər yayıb. Tayvan tərəfi cavab olaraq hərbi təyyarələrini səmaya qaldırıb, hava hücumundan müdafiə sistemini aktivləşdirib və radioxəbərdarlıq siqnalları göndərib.

Tayvan tərəfinin açıqlamasında deyilir ki, avqustun ilk günlərində Çin hərbi hava qüvvələrinə məxsus 25 təyyarə Tayvanın hava məkanının tanınma zonasına daxil olub.

Qeyd edək ki, rəsmi Pekinin sərt etirazına və xəbərdarlığına baxmayaraq, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosi avqustun 2-də gecə saatlarında Tayvan adasına səfərə gəlib. Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyətini gətirən təyyarə yerli vaxtla saat 22:44-də Taypey şəhərinin hava limanına enib. Çin Xalq Azadlıq Ordusu bundan bir neçə dəqiqə sonra Tayvan adası ətrafında genişmiqyaslı hərbi əməliyyatlara başlayacağını açıqlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)