Mərkəzi Bankdan banklar üçün yeni mühüm qayda
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nın təsdiq edilməsi barədə qərar qəbul edib.
Banker.az-ın əldə etdiyi xəbərə görə, Taleh Kazımovun imzası olduğu qərarda “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları”nın təsdiq edilməsi barədə” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci il 16 noyabr tarixli Qərarı ləğv edilib.
Əvəzində isə, Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası” 22 iyul 2022-ci ildən təsdiq edilib (əlavə olunub).
Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası
- Ümumi müddəalar
1.1. Bu Qayda “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 34.2.12-ci maddəsinə uyğun olaraq, habelə Bank nəzarəti üzrə Bazel Komitəsinin standartları nəzərə alınmaqla hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filiallarında (bundan sonra – banklar) aktivlərin təsnifləşdirilməsi və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması qaydalarını müəyyən edir.
1.2. Bu Qayda Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına verilmiş təhsil tələbə kreditlərinə (bankın maliyyə öhdəliyi daşıdığı hallar istisna olmaqla) şamil edilmir.
- Anlayışlar
2.0. Bu Qaydada istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.0.1. aktivlər – bank tərəfindən verilən kreditlər, geri qaytarılmaq şərti ilə yerləşdirilmiş digər aktivlər, bank tərəfindən qabaqcadan ödənilmiş vəsait, bank işində istifadə olunmayan aktivlər, hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşları və balansdankənar öhdəliklər;
2.0.2. qalıq məbləğ – kreditin əsas borc üzrə ödənilməmiş hissəsi. Kredit olmayan aktivin qalıq məbləği onun balans dəyəridir;
2.0.3. ümumi məbləğ – aktivin qalıq məbləği və həmin qalıq üzrə hesablanmış faizlər, komisyon haqları, dəbbə pulu və digər ödənilməmiş məbləğlərin cəmi;
2.0.4. bazar qiyməti – malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti;
2.0.5. likvid bazar – yetərli sayda alqı-satqı təkliflərinin mövcud olduğu, habelə satışın məqbul müddət ərzində və bazar qiyməti ilə həyata keçirilməsinin mümkün olduğu bazar;
2.0.6. xalis bazar qiyməti – aktivin bazar qiyməti ilə onun satışı ilə bağlı bütün xərclərin fərqi;
2.0.7. istehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kredit;
2.0.8. daşınmaz əmlak krediti – fiziki şəxslərə şəxsi istehlak məqsədi ilə daşınmaz əmlakın əldə edilməsi və ya tikintisi üçün verilən kredit;
2.0.9. biznes krediti – hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə sahibkarlıq məqsədilə verilən kredit;
2.0.10. restrukturizasiya olunmuş aktiv – borcalanın maliyyə çətinliyi yaranması səbəbindən borc öhdəliyinin icrasını təmin etmək məqsədilə müqavilə şərtləri dəyişdirilmiş və ya eyni bankda olan mövcud borc öhdəliklərinin icrasına yönəldilməsi üçün yeni borc öhdəliyi kimi rəsmiləşdirilmiş aktiv. Borcalanın maliyyə çətinliyinin yaranması dedikdə borcalanın pul axınlarının mövcud müqavilə şərtlərinə əsasən öhdəliklərinin icrası üçün adekvat olmaması, kredit bürolarının məlumatları əsasında borcalanın öhdəliklərinin ümumi məbləğinin ən azı 20 (iyirmi) faizinin 90 (doxsan) gündən çox gecikdirilməsi və ya belə halların baş verməsi ehtimalı və s. nəzərdə tutulur. Müqavilə şərtlərinin dəyişdirilməsi dedikdə aşağıdakılardan hər hansı biri nəzərdə tutulur:
2.0.10.1. faiz dərəcəsinin azaldılması;
2.0.10.2. əsas borcun və ya ona hesablanmış faizlərin azaldılması;
2.0.10.3. aktivin ödəniş müddətinin uzadılması;
2.0.10.4. yeni və ya əlavə güzəşt müddətinin (müəyyən olunmuş müddətdə ödənişlərin aparılmaması və ya yalnız faiz ödənişlərinin aparılması) verilməsi;
2.0.10.5. əsas borcun və faizlərin ödəniş qrafikinin dəyişdirilməsi;
2.0.10.6. bu Qaydanın 2.0.10.1 – 2.0.10.5-ci yarımbəndlərində göstərilənlərdən başqa bank tərəfindən müştəriyə mövcud müqavilə şərtlərindən daha əlverişli hüquq və üstünlüklərin təqdim edilməsi;
2.0.11. vaxtı keçmiş kredit – əsas borc, yaxud ona hesablanan faizlər və ya hər hansı birinin ödənilməyən hissəsi üzrə ödənişləri müqavilədə və ya ödəniş qrafikində göstərilən tarixdən 30 (otuz) təqvim günündən artıq gecikdirilmiş kreditin qalıq məbləği;
2.0.12. təminat – borcalan və ya üçüncü şəxs tərəfindən öhdəliklərin icrasının təmin edilməsi məqsədilə girov, ipoteka və digər təminat növləri kimi yerləşdirilmiş aktiv;
2.0.13. xüsusi ehtiyatlar (bundan sonra – ehtiyatlar) – aktivlər üzrə gözlənilən zərərin ödənilməsi məqsədi ilə ayrılan vəsaitlər;
2.0.14. banklararası tələblər – bank tərəfindən digər bankda yerləşdirilmiş depozitlər, müxbir hesab qalıqları və verilmiş kreditlər;
2.0.15. birgə borcalan qrupu – müqaviləyə əsasən qrupun hər bir üzvünün aldığı kreditin qaytarılmasına qarşılıqlı zamin kimi çıxış etdiyi şəxslər;
2.0.16. kreditin təminata olan nisbəti (KTN əmsalı) – kreditin ümumi məbləğinin (kredit müqaviləsi üzrə əsas borc və hesablanacaq faizlər) kredit üzrə təminatın bazar dəyərinə nisbəti əmsalı;
2.0.17. borcun gəlirlərə nisbəti (BGN əmsalı) – borcalanın aylıq borc yükünün onun gəlirlərinə nisbəti əmsalı (birgə borcalan qrupuna daxil olan fiziki şəxslər üzrə onların ümumi aylıq borc yükünün onların ümumi gəlirlərinə nisbəti);
2.0.18. borc yükü – kredit bürolarının məlumatları əsasında depozit təminatlı öhdəliklər (KTN əmsalı milli valyutada 100%-dən, xarici valyutada isə 90%-dən çox olmamaqla) istisna olmaqla, borcalanın kredit təşkilatlarından aldığı kreditlər (o cümlədən, kredit xətləri) üzrə icra olunmamış öhdəlikləri və onun zamin qismində çıxış etdiyi ödənilməmiş kreditlər (o cümlədən, kredit xətləri) üzrə qrafiklə müəyyən olunmuş aylıq ödənişlərin ümumi məbləği, habelə onun lizinq müqavilələri və digər borc öhdəlikləri üzrə aylıq ödənişlərin ümumi məbləği;
2.0.19. aylıq ödəniş – müqavilədə (kredit, lizinq və digər borc öhdəlikləri üzrə) əsas borc və hesablanmış faizlərin hər ay bərabər hissələrlə ödənişi (annuitet ödənişlər). Kredit xətti müqavilələrində və annuitet ödəniş nəzərdə tutulmayan müqavilələrdə (kredit, lizinq və digər borc öhdəlikləri) aylıq ödəniş öhdəliyin ümumi məbləği (kredit xətləri üzrə kredit limiti) və müqavilənin bitməsinə qalan müddət əsasında annuitet qaydası ilə hesablanır;
2.0.20. borcalanın gəlirləri – fiziki şəxs olan borcalanın müvafiq sənədlərlə (əmək haqqı barədə iş yerindən arayış, təqaüd barədə təhsil müəssisəsindən arayış, sosial müdafiə sahəsində idarəetməni həyata keçirən qurum tərəfindən borcalana pensiya və müavinətlərin ödənilməsi haqqında arayış, borcalanın mövcud depozit hesabları üzrə faiz gəlirlərini təsdiq edən bank arayışı və ya gəlirlərini təsdiq edən digər sənədlər) təsdiq olunmuş ən azı ardıcıl son 6 (altı) ay üzrə orta aylıq gəliri, gəliri muzdlu işlə (əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi əsasında yerinə yetirilən işlər ilə) əlaqədar olmayan borcalanlar üzrə ən azı son 12 (on iki) ay üzrə orta aylıq gəliri. Borcalanın orta aylıq gəliri əvvəlki 6 (altı) ay ərzindəki ümumi gəlirlərinin 6-ya (gəliri muzdlu işlə əlaqədar olmayan borcalanlar üzrə 12-yə) bölünməsi yolu ilə hesablanır. Müvafiq dövlət orqanlarının (qurumlarının) elektron informasiya sisteminə inteqrasiya təmin oldunduğu halda müvafiq sənəd və məlumatlar bank tərəfindən həmin informasiya sistemindən real vaxt rejimində əldə oluna bilər;
2.0.21. hedcləşdirilməmiş borcalan – xarici valyutada hər hansı formada pul öhdəliyindən yaranan və ya yarana biləcək valyuta riskinə həssas olan borcalan;
2.0.22. çoxtərəfli inkişaf bankları – iki və daha artıq ölkə tərəfindən iqtisadi inkişafın dəstəklənməsi məqsədilə təsis edilmiş beynəlxalq maliyyə təşkilatı;
2.0.23. tam təminatlı aktiv – təminatı bu Qaydanın 11-ci hissəsində müəyyən edilmiş birinci və ikinci qrup təminat olduqda onun bazar dəyəri təmin etdiyi öhdəlik məbləğinin 100 (yüz) faizindən, digər təminatlar olduqda isə 150 (yüz əlli) faizindən az olmayan aktiv;
2.0.24. qismən təminatlı və ya təminatsız aktiv – təminatı bu Qaydanın 2.0.23-cü yarımbəndində qeyd edilmiş tələblərə cavab verməyən aktiv.
- Aktivlərin təsnifləşdirilməsinə dair ümumi tələblər
3.1. Bankda aktivlərin təsnifləşdirilməsi və onlar üzrə ehtiyatların yaradılması bu Qaydaya əsasən həyata keçirilir. Bu Qaydada ayrı hal nəzərdə tutulmadıqda Qaydanın 3-cü hissəsində qeyd edilmiş tələblər bütün aktivlərə şamil edilir. Bankın daxili qaydalarında aktivlərin keyfiyyətinin təhlili meyarları, keyfiyyətinə nəzarət prosedurları, aktivlərin təsnifləşdirilməsinin uçotda əks etdirilməsi, o cümlədən ümidsiz aktivlərin balansdan silinməsi prosedurları müəyyən olunur.
3.2. Təsnifləşdirilmə maraqlar münaqişəsinə yol verməmək prinsipi əsasında bankın daxili qaydaları ilə müəyyən olunmuş struktur bölmə tərəfindən aparılır. Kreditlərin verilməsi funksiyasını həyata keçirən struktur bölmə aktivləri təsnifləşdirə bilməz.
3.3. Aktivlər standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlərə qənaətbəxş, nəzarət altında olan və əlavə risklərə məruz standart aktivlər, qeyri-standart aktivlərə isə qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlər aiddir.
3.4. Aktivlərin təsnifləşdirilməsi onların təminat səviyyəsi nəzərə alınmaqla gecikmə müddəti və keyfiyyət meyarları üzrə ayrılıqda həyata keçirilir. İki təsnifləşdirmə nəticəsində aktiv üzrə təsnifat kateqoriyaları biri-birindən fərqli olduqda, aşağı olan təsnifat kateqoriyası əsas götürülür. Qənaətbəxş aktivlər ən yüksək, ümidsiz aktivlər isə ən aşağı təsnifat kateqoriyasıdır.
3.5. Aktivlərin gecikmə müddətinə görə təsnifləşdirilməsi:
3.5.1. bu Qaydada ayrı hal nəzərdə tutulmadıqda gecikmə müddətinə görə aktivlərin təsnifat kateqoriyası aşağıdakı cədvələ əsasən müəyyən olunur:
Aktivin növü | Təsnifat kateqoriyası | |||||
Qənaətbəxş | Nəzarət altında olan | Qeyri-qənaətbəxş | Təhlükəli | Ümidsiz | ||
Tam təminatlı aktiv | 0-30 gün | 31-90 gün | 91- 240 gün | 241-360 gün | 360 gündən artıq | |
Qismən təminatlı və ya təminatsız aktiv | 0-30 gün | 31-90 gün | 91-180 gün | 181-270 gün | 270 gündən artıq |
3.5.2. aktivin gecikmə müddəti (əsas borc və ya faiz borcları üzrə) müvafiq müqavilədə və ya ödəniş qrafikində əsas borcun və (və ya) faiz borclarının ödənilməsi üçün müəyyən edilmiş tarixdən hesablanır;
3.5.3. təminatlı aktivin müəyyən edilməsində bu Qaydadakı beşinci qrup təminatların bazar dəyərinin kredit tələbinin ümumi məbləğinin 25%-dən artıq olan hissəsi nəzərə alınmır. “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”da müəyyən edilmiş KTN əmsalına uyğun olaraq verilmiş daşınmaz əmlak krediti tam təminatlı aktiv hesab edilir.
3.6. Aktivlərin keyfiyyət meyarlarına görə təsnifləşdirilməsi aşağıda müəyyən edilən meyarlar əsasında həyata keçirilir. Hər bir təsnifat kateqoriyası üçün müəyyən edilmiş meyarlardan (hallardan) biri və ya bir neçəsinin aşkarlanması aktivin həmin təsnifat kateqoriyasına aid edilməsi üçün əsas verir. Keyfiyyət meyarlarına əsasən eyni aktiv üzrə fərqli təsnifat kateqoriyalarına aid hallar aşkarlandıqda daha aşağı təsnifat kateqoriyası əsas götürülür. “Əlavə risklərə məruz standart” aktivlər kateqoriyası üzrə təsnifləşdirmə keyfiyyət meyarları əsasında aparılır. Gecikmə müddətinə görə təsnifləşdirilmiş standart aktiv üzrə bu Qaydanın 3.6.3-cü yarımbəndində müəyyən edilmiş meyarlardan biri və ya bir neçəsinin aşkarlanması halında həmin aktiv “əlavə risklərə məruz standart” aktivlər kimi təsnifləşdirilir:
3.6.1. qənaətbəxş aktivlər üzrə meyarlar:
3.6.1.1. borcalanın ödəmə qabiliyyəti müqavilə üzrə öhdəlikləri vaxtında və tam həcmdə ödəmək üçün məqbul olduqda;
3.6.2. nəzarət altında olan aktivlər üzrə meyarlar:
3.6.2.1. borcalanın ödəmə qabiliyyətinə təsir edə biləcək risklər (bu Qaydanın 3.6.3 – 3.6.6-cı yarımbəndlərində müəyyən edilmiş risklər istisna olmaqla) mövcud olduqda;
3.6.2.2. müqavilə ilə müəyyən edilən dövri hesabatlar (məsələn, balans hesabatı, gəlir və xərc hesabatı) təqdim olunmadıqda;
3.6.2.3. hedcləşdirilməmiş borcalana xarici valyutada kredit verildikdə;
3.6.3. əlavə risklərə məruz standart aktivlər üzrə meyarlar:
3.6.3.1. iqtisadi şəraitin pisləşməsi nəticəsində borcalanın ödəmə qabiliyyətində neqativ hallar (məsələn, son 6 ayda 2 dəfə 30 gündən artıq gecikmə) müşahidə edildikdə;
3.6.3.2. borcun ödənilməsini təmin etmək üçün əlavə mənbələrdən vəsaitlərin cəlb edilməsinə (məsələn, əmlakın satışı, borcalan tərəfindən əlavə vəsaitlərin cəlb olunması) və ya kredit üzrə əlavə təminatın təqdim edilməsinə zərurət yarandıqda;
3.6.3.3. borcalanın zərərlə fəaliyyət göstərməsi bir ildən artıq davam etdikdə (biznes və ya strateji planında borcalanın müəyyən vaxt ərzində zərərlə fəaliyyət göstərməsi nəzərdə tutulan hallar istisna olmaqla);
3.6.4. qeyri-qənaətbəxş aktivlər üzrə meyarlar:
3.6.4.1. kreditin təyinatı üzrə istifadə olunmasını təsdiq edən sənədlər təqdim edilmədikdə;
3.6.4.2. biznes və ya strateji planda müəyyən edilmiş işlərin görülməsi qrafikində əhəmiyyətli gecikmələr olduqda (biznes və ya strateji planda müəyyən edilmiş işlərin görülməsi qrafikində dəyişiklik olduqda həmin dəyişikliyi əsaslandıran və təsdiq edən sənədlərin banka təqdim edildiyi hallar istisna olmaqla);
3.6.4.3. bu Qaydanın 3.6.5.2-ci və 3.6.6.3-cü yarımbəndlərinə aid edilməyən və bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun eyni bankda olan digər aktivlərindən biri və ya bir neçəsi qeyri-standart aktiv kimi təsnifləşdirildikdə. Bu meyar bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun qeyri-standart aktivlərinin cəminin onun (onların) öhdəliklərinin ümumi məbləğinin ən azı 20 (iyirmi) faizini təşkil etdikdə tətbiq olunur;
3.6.4.4. borcalanın aid olduğu bir-biri ilə əlaqədar borcalanlar qrupuna daxil olan mühüm iştirak payına malik olan şirkətlərdən biri müflis olduqda;
3.6.4.5. banklararası tələblər, habelə beynəlxalq nüfuzlu reytinq agentlikləri (Standard & Poor`s, Fitch Ratings, Moody`s (bundan sonra – beynəlxalq reytinq agentlikləri) tərəfindən verilmiş minimum investisiya reytinqinə malik borcalanlara qarşı tələblər istisna olmaqla, müqavilə şərtlərinə əsasən faizlərin ödənilməsi dövriliyi bir rübdən çox olduqda, bu Qaydanın 8-ci hissəsində nəzərdə tutulmuş aktivlər üzrə isə yarımildən çox olduqda;
3.6.5. təhlükəli aktivlər üzrə meyarlar:
3.6.5.1. borcalanın iflas prosesinə başlanıldıqda;
3.6.5.2. bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun eyni bankda olan digər aktivlərindən biri və ya bir neçəsi təhlükəli aktiv kimi təsnifləşdirildikdə. Bu meyar bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun təhlükəli aktivlərinin cəminin onun (onların) öhdəliklərinin ümumi məbləğinin ən azı 20 (iyirmi) faizini təşkil etdikdə tətbiq olunur;
3.6.5.3. “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”na 1 nömrəli Əlavəyə uyğun olaraq kredit dosyesinə daxil olmalı sənəd və məlumatların siyahısında kredit riskinin qiymətləndirilməsi ilə bağlı tələb olunan müvafiq sənədlər mövcud olmadıqda;
3.6.6. ümidsiz aktivlər üzrə meyarlar:
3.6.6.1. borcalan müflis elan olunduqda və ya fəaliyyətinə xitam verildikdə, habelə borcalanın fəaliyyətinin dayandırılmasına və borcun ödənilməsi üçün yetərli maliyyə mənbələrinin olmadığına dair bank tərəfindən həyata keçirilmiş monitorinqin nəticələri olduqda;
3.6.6.2. borcalan vəfat etdikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ölmüş və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, yaxud öhdəliyini icra etməyən borcalanı tapmaq mümkün olmadıqda (“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq həmin şəxs haqqında axtarış tədbirlərinə başlandıqda). Bu meyar əsas borc və ona hesablanmış faiz borcları üzrə öhdəliklər zamin və ya hər hansı üçüncü şəxs tərəfindən vaxtında və tam həcmdə icra olunan aktivlərə şamil edilmir. Bu zaman ödəniş qrafikindən 10 (on) iş günü müddətinə qədər kənarlaşma ilə aparılan ödənişlər vaxtında aparılan ödəniş kimi qəbul edilir;
3.6.6.3. bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun eyni bankda olan digər aktivlərindən biri və ya bir neçəsi ümidsiz aktiv kimi təsnifləşdirildikdə. Bu meyar bir borcalanın və ya bir-biri ilə əlaqədar borcalanlar qrupunun ümidsiz aktivlərinin cəminin onun (onların) öhdəliklərinin ümumi məbləğinin ən azı 20 (iyirmi) faizini təşkil etdikdə tətbiq olunur.
3.7. Keyfiyyət meyarlarının təhlili sənədləşdirilir. Bu zaman, bankların Müşahidə Şurası tərəfindən qəbul edilmiş daxili modellərin nəticələri, habelə monitorinq hesabatları üzrə əldə olunmuş nəticələr də təhlilin sənədləşməsinə aid edilir. Sənədləşmə elektron qaydada aparıldığı halda “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməlidir.
3.8. Aşağıdakı şərtlərin hamısı təmin edildikdə qeyri-standart aktivin təsnifat kateqoriyası nəzarət altında olan aktiv kateqoriyasınadək yaxşılaşdırıla bilər:
3.8.1. aktiv üzrə gecikdirilmiş əsas borc və faiz borcları tam ödənildikdə (təminat hesabına ödəmələr istisna olmaqla);
3.8.2. kredit bürolarının məlumatları əsasında borcalanın ümumi öhdəliklərinin 20%-dən çox hissəsini təşkil edən vaxtı keçmiş digər krediti olmadıqda;
3.8.3. bu Qaydanın 3.6.1-ci və 3.6.2-ci yarımbəndlərində müəyyən edilən qənaətbəxş və ya nəzarət altında olan aktiv üzrə keyfiyyət meyarlarına uyğun olduqda;
3.8.4. annuitet qrafiki üzrə ən azı 3 (üç) ardıcıl ödəniş tam və vaxtında aparıldıqda.
3.9. Qeyri-standart aktivin qənaətbəxş aktiv kimi təsnifləşdirilməsi üçün bu Qaydanın 3.8.1-ci və 3.8.2-ci yarımbəndlərində müəyyən edilən tələblərdən əlavə annuitet qrafiki üzrə ən azı 6 (altı) ardıcıl ödəniş tam və vaxtında aparılmalı, habelə bu Qaydanın 3.6.1-ci yarımbəndinin tələbləri təmin olunmalıdır.
3.10. Balansdan silinmiş və sonradan balansa geri qaytarılmış aktivlərin təsnifat kateqoriyasının yaxşılaşdırılması bu Qaydanın 6.3-cü və 6.4-cü bəndlərinə uyğun olaraq aparılır.
3.11. Bu Qaydanın 3.8.4-cü yarımbəndi və 3.9-cu bəndi üzrə ödəniş qrafikindən 10 (on) iş gün müddətinə qədər kənarlaşma ilə aparılan ödənişlər vaxtında aparılan ödəniş kimi qəbul edilir.
- Ehtiyatların yaradılması və ümidsiz aktivlərin silinməsi
4.1. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaradılır. Ehtiyatlar iki kateqoriyaya bölünür:
4.1.1. bankın standart aktivləri üzrə mümkün zərərin ödənilməsi üçün yaradılmış adi ehtiyatlar;
4.1.2. bankın qeyri-standart aktivləri üzrə müəyyən edilmiş zərərin ödənilməsi üçün yaradılmış məqsədli ehtiyatlar.
4.2. Bu Qaydada ayrı hal nəzərdə tutulmadıqda təsnifləşdirmə kateqoriyaları üzrə ehtiyatların dərəcələri aşağıdakı cədvələ əsasən müəyyən edilir:
Təsnifat kateqoriyası | İstehlak kreditləri | Biznes kreditləri | İstehlak və biznes kreditləri istisna olmaqla digər aktivlər, o cümlədən daşınmaz əmlak kreditləri | ||
Milli valyuta | Xarici valyuta | Milli valyuta | Xarici valyuta | ||
Qənaətbəxş aktivlər | 1% | 2% | 1% | 2% | 1% |
Nəzarət altında olan aktivlər | 5% | 10% | 2% | 3% | 2% |
Əlavə risklərə məruz standart aktivlər | 15% | 20% | 10% | 12% | 10% |
Qeyri-qənaətbəxş aktivlər | 25% | 25% | 25% | 25% | 25% |
Təhlükəli aktivlər | 50% | 50% | 50% | 50% | 50% |
Ümidsiz aktivlər | 100% | 100% | 100% | 100% | 100% |
4.3. Prudensial hesabatlıq məqsədləri üçün ehtiyatlar bankın xərcləri hesabına aktivin ümumi məbləği üzrə milli valyutada yaradılır.
4.4. Aktiv üzrə əsas borc və ya faiz borclarının ödənilməsi 90 (doxsan) gündən çox gecikdirildikdə hesablanmış faizlər üzrə 100% həcmində ehtiyat yaradılır.
4.5. Ehtiyatlar hər bir aktiv üzrə və ya aktivlər qrupuna xas olan risklər qiymətləndirilməklə həmin qrup üzrə (kreditlər, banklararası tələblər, qiymətli kağızlar, debitor borclar, digər aktivlər) yaradılır. Yaradılmış ehtiyatlardan həmin qrupa daxil olan bütün aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün istifadə edilir.
4.6. Ümidsiz aktiv, həmin aktiv üzrə yaradılmış ehtiyat məbləğində balansdan silinir.
4.7. Bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçirilir. Aidiyyəti şəxslərə verilmiş kreditlər istisna olmaqla ümumi məbləği 20 000 (iyirmi min) manatadək olan milli və xarici valyutada ümidsiz aktivlərin, habelə bu Qaydanın 9-cu hissəsində müəyyən edilmiş ümidsiz aktivlərin balansdan silinməsi səlahiyyətləri Müşahidə Şurası tərəfindən İdarə Heyətinə həvalə edilə bilər. Bu halda, bu Qaydanın 9-cu hissəsində müəyyən edilmiş ümidsiz aktivlər istisna olmaqla İdarə Heyətinin qərarı ilə təqvim ili ərzində balansdan silinmiş aktivlərin ümumi məbləği əvvəlki ilin sonuna bankın I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır. İdarə Heyətinin qərarı ilə balansdan silinmiş aktivlər barədə hesabat Müşahidə Şurasının növbəti iclasınadək Müşahidə Şurasının üzvlərinə təqdim olunmalıdır. Ehtiyatlar hesabına balansdan silinmiş bütün aktivlər və bu aktivlər üzrə ödənilməmiş faizlər müvafiq balansdankənar hesablarda (subhesablarda) uçota alınır və ən azı 5 (beş) il ərzində bu hesablarda uçotu aparılır. Ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılması zamanı bu Qaydanın 11-ci hissəsində müəyyən edilmiş güzəştlər balansdan silinmiş və sonradan balansa geri qaytarılmış aktivlərə şamil edilmir.
4.8. Azərbaycan Respublikasının Mərkəzi Bankındakı (bundan sonra – Mərkəzi Bank) və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklardakı müxbir hesablar, habelə Mərkəzi Banka və minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik banklara qarşı gecikməsi olmayan digər tələblər üzrə ehtiyat yaradılmır.
4.9. Yaradılmış ehtiyatlar aktivlərin keyfiyyətinə adekvat olması baxımından gecikmə müddəti üzrə ən azı ayda bir dəfə ayın son iş günündən gec olmayaraq təsnifləşdirilməni həyata keçirən struktur bölmə tərəfindən qiymətləndirilir. Keyfiyyət meyarları üzrə qiymətləndirmə bu Qaydada ayrı hal nəzərdə tutulmadıqda eyni bankda ümumi qalıq borcu I dərəcəli kapitalın 3 (üç) faizindən yuxarı olan borcalanlar üzrə ən azı 6 (altı) ayda bir dəfə, digər borcalanlar üzrə isə ən azı ildə bir dəfə aparılır.
4.10. Prudensial hesabatlıq məqsədləri üçün aşağıdakılar nəzərə alınır:
4.10.1. aylıq qiymətləndirilmə zamanı aktivlərin keyfiyyətinin yaxşılaşması müəyyən edildikdə artıq yaradılmış ehtiyatlar, həmçinin əvvəllər balansdan silinmiş aktivlərin ödənilməsi üçün sonradan banka daxil olan vəsait müvafiq xərc hesabının azaldılmasına yönəldilir, xərc hesabında qalıq olmadıqda isə gəlirlərə aid edilir;
4.10.2. hər hansı aktiv üçün yaradılan məqsədli ehtiyatın məbləği həmin aktivin məbləğindən çıxılır. Aktiv üçün yaradılan adi ehtiyatın məbləği isə hesabatlarda ayrıca maddə kimi “kapital” hesablarında əks etdirilir;
4.10.3. ehtiyatlar hesabında debet qalığının yaranmasına yol verilmir. Ehtiyatlar hesabına silinəcək aktivlərin məbləği hesabın qalığından çox olduqda tələb olunan məbləğ əməliyyat günü ərzində xərclər hesabına yaradılır. Ehtiyatlar “bölüşdürülməmiş mənfəət”, yaxud kapitala aid olan digər maddələr hesabına yaradıla bilməz.
- İstehlak kreditlərinin təsnifləşdirilməsi
5.1. İstehlak kreditlərinin gecikmə müddətlərinə görə təsnifləşdirilməsi aşağıdakı cədvələ əsasən müəyyən edilir:
Təsnifat kateqoriyası | Qənaətbəxş | Nəzarət altında olan | Qeyri-qənaətbəxş | Təhlükəli | Ümidsiz |
Gecikmə müddəti | 0-30 gün | 31-90 gün | 91- 120 gün | 121 – 150 gün | 150 gündən artıq |
5.2. Aşağıdakı hallarda istehlak kreditləri verildiyi və ya limiti artırıldığı anda qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir:
5.2.1. kredit bürolarının məlumatları əsasında borcalanın son 6 (altı) ay ərzində vaxtı keçmiş krediti olduqda;
5.2.2. müqavilə şərtlərinə əsasən faizlərin ödənilməsi dövriliyi 90 gündən çox olduqda (həyatın yığım sığortası əsasında verilmiş kreditlər istisna olmaqla);
5.2.3. aşağıdakı hallar istisna olmaqla, bu Qaydaya 1 nömrəli Əlavədə müəyyən edilmiş qaydada hesablanmış borcalanın və ya birgə borcalanlar qrupu üzvlərinin gəlirlərinin cəmi və borc yükü arasında fərq ölkə üzrə yaşayış minimumu göstəricisindən aşağı olduqda və/və ya bu Qaydaya 2 nömrəli Əlavədə müəyyən edilmiş qaydada hesablanmış BGN əmsalı 45%-dən artıq olduqda:
5.2.3.1. xarici valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda xarici valyutada olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) və ya banka saxlanc girovu kimi qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda;
5.2.3.2. milli valyutada istehlak kreditlərinin təminatı qismində eyni bankda olan depozitlər (borcalana yaxud üçüncü şəxsə aid) çıxış etdikdə KTN əmsalı 100%-dən və banka saxlanc girovu kimi qoyulmuş bank metalları çıxış etdikdə KTN əmsalı 90%-dən çox olmadıqda;
5.2.3.3. milli valyutada istehlak kreditləri üzrə təminat qismində banka saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla) çıxış etdikdə KTN əmsalı 70%-dən çox olmadıqda.
5.3. Bu Qaydanın 5.2.2-ci və 5.2.3-cü yarımbəndləri istehlak kreditinin restrukturizasiya olunduğu hallara da şamil edilir. Bu Qaydanın 5.2.3-cü yarımbəndi borcalanın eyni bankda olan son 6 (altı) ay ərzində rəsmiləşdirilmiş bütün istehlak kreditlərinə şamil edilir.
5.4. Bu Qaydanın 3.6.4.3-cü, 3.6.5.2-ci, 3.6.6.2 və 3.6.6.3-cü yarımbəndləri istehlak kreditlərinə də şamil edilir.
5.5. Eyni bankda ümumi qalıq borcu I dərəcəli kapitalın bir faizindən yuxarı olan borcalanlar üzrə aktivlərin bu Qaydanın 3.6.1.1-ci, 3.6.2.1-ci, 3.6.3.1-ci, 3.6.3.2-ci və 3.6.5.3-cü yarımbəndlərinə uyğunluğu ən azı ildə bir dəfə qiymətləndirilir və bu Qaydanın 3-cü hissəsində müəyyən olunmuş qaydada təsnifləşdirilir.
- Restrukturizasiya olunmuş aktivlərin təsnifləşdirilməsi
6.1. Bu Qaydada ayrı hal nəzərdə tutulmadıqda aktivin restrukturizasiyası anında təsnifat kateqoriyası aşağıdakı cədvələ əsasən müəyyən edilir:
Təsnifat kateqoriyası | 1-ci dəfə restrukturizasiya olduqda | 2-ci dəfə restrukturizasiya olduqda | 3-cü dəfə restrukturizasiya olduqda | 3 dəfədən artıq restrukturizasiya olduqda |
Qənaətbəxş | Nəzarət altında | Qeyri-qənaətbəxş | Təhlükəli | Ümidsiz |
Nəzarət altında olan və əlavə risklərə məruz standart aktivlər | Maksimum restrukturizasiya anında olan təsnifat kateqoriyası | Qeyri-qənaətbəxş | Təhlükəli | Ümidsiz |
Qeyri-qənaətbəxş | Təhlükəli | Ümidsiz | ||
Təhlükəli | Ümidsiz | |||
Ümidsiz | Ümidsiz |
6.2. Borcalanın vaxtı keçmiş kreditlərinin ödənişinə yönəldilmiş yeni borc öhdəliyinin təsnifat kateqoriyası həmin kreditlərin ən aşağı təsnifat kateqoriyasından yuxarı ola bilməz.
6.3. Restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyasının yaxşılaşdırılması aşağıdakı qaydada həyata keçirilir:
6.3.1. müqavilə şərtlərinə görə kredit üzrə əsas borc və hesablanmış faizlərin ödənişi hər ay bərabər hissələrlə (annuitet ödənişlər) müəyyən edilən aktivlər – qalıq müddətinin ikidə biri ərzində (biznes kreditləri üzrə 6 aydan, digər kreditlər üzrə 12 aydan çox olmamaqla) ödənişlərində gecikmə (10 iş günü və ya ondan artıq) müşahidə olunmadıqda;
6.3.2. banklararası tələblər, habelə müqavilə şərtlərinə görə ödənişləri bu Qaydanın 6.3.1-ci yarımbəndində qeyd edilmiş ödəniş dövriliyindən başqa dövriliklə müəyyən edilən aktivlər – aktiv üzrə əsas borcun ən azı 50%-i ödənildikdə və bu zaman əsas borc və ona hesablanmış faiz borcları üzrə öhdəliklər vaxtında və tam həcmdə icra olunduqda;
6.3.3. bu Qaydanın 6.3.1-ci və 6.3.2-ci yarımbəndlərinin tələbləri nəzərə alınmaqla restrukturizasiya olunmuş aktivlərin təsnifat kateqoriyası maksimum nəzarət altında olan təsnifat kateqoriyasınadək yaxşılaşdırıla bilər.
6.4. Restrukturizasiya olunduqdan sonra aktivin təsnifat kateqoriyası müəyyən edilərkən bu Qaydanın 6.3-cü bəndinin tələbləri ilə yanaşı aktivin keyfiyyət meyarları da nəzərə alınmalıdır.
6.5. Bu Qaydanın qüvvəyə mindiyi tarixədək qüvvədə olan aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması ilə bağlı qaydalara əsasən nəzarət altında olan aktiv kateqoriyasına qədər yaxşılaşdırılmış və ən azı son 12 (on iki) ay ərzində həmin kateqoriyada olan, ödənişləri annuitet qaydasında aparılan aktiv bu Qaydanın qüvvəyə mindiyi tarixə restrukturizasiya olunmamış aktiv hesab edilir. Bu hal istisna olmaqla, digər hallarda bu Qaydanın qüvvəyə mindiyi tarixdən əvvəl bir və ya bir dəfədən artıq restrukturizasiya edilmiş aktiv bu Qaydanın məqsədləri üçün birinci dəfə restrukturizasiya olunmuş aktiv hesab edilir.
- Banklararası tələblərin təsnifləşdirilməsi
7.1. Banklararası tələblər gecikmə müddətlərinə görə aşağıdakı aşağıdakı cədvələ əsasən təsnifləşdirilir:
Təsnifat kateqoriyası
|
Qənaətbəxş | Nəzarət altında olan | Qeyri-qənaətbəxş | Təhlükəli | Ümidsiz |
Gecikmə müddəti | gecikməsi olmayan | 1-7 gün | 8-30 gün | 31-60 gün | 60 gündən artıq |
7.2. Bank lisenziyası məcburi ləğv edildikdə və ya bankın iflası ilə bağlı Qanunda nəzərdə tutulmuş tədbirlərin görülməsinə başlandıqda banklararası tələblər ümidsiz aktivlər kateqoriyasına aid edilir.
- Qiymətli kağızlara və hüquqi şəxslərin kapitalında iştirak payına vəsait qoyuluşunun təsnifləşdirilməsi
8.1. Qiymətli kağızlar (ödənilməmiş borclar müqabilində balansa götürülmüş qiymətli kağızlar istisna olmaqla) təsnifləşdirmə məqsədləri üçün yüksək, orta və aşağı keyfiyyətli qiymətli kağızlar qruplarına bölünür.
8.2. Bu Qaydanın məqsədləri üçün yüksək keyfiyyətli qiymətli kağızlara Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun buraxdığı təmin edilmiş qiymətli kağızlar, habelə beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik qiymətli kağızlar aiddir.
8.3. Yüksək keyfiyyətli qiymətli kağızlara investisiya qoyuluşu aparıldıqda onlar üçün ehtiyat yaradılmır.
8.4. Orta keyfiyyətli qiymətli kağızlara 8.2-ci bəndin tələbləri nəzərə alınmaqla aşağıdakılar aiddir:
8.4.1. Bakı Fond Birjasında listinqə daxil edilmiş və ya gündəlik qiyməti müəyyən olunan qiymətli kağızlar;
8.4.2. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik qiymətli kağızlar;
8.4.3. heç bir reytinq almamış, lakin bankda emitentin maliyyə vəziyyətinin qənaətbəxş olması barədə kifayət qədər məlumat olan qiymətli kağızlar.
8.5. Orta keyfiyyətli qiymətli kağızlara investisiya qoyuluşu aparıldıqda onlar bu Qaydanın 3-cü hissəsində müəyyən olunmuş qaydada təsnifləşdirilir.
8.6. Aşağı keyfiyyətli qiymətli kağızlara beynəlxalq reytinq agentlikləri tərəfindən investisiya reytinqindən aşağı reytinqlə qiymətləndirilmiş qiymətli kağızlar, yaxud heç bir reytinq almamış və bankda emitentin maliyyə vəziyyəti barədə kifayət qədər məlumat olmayan qiymətli kağızlar aid edilir.
8.7. Aşağı keyfiyyətli qiymətli kağızların balans dəyərinin onların bazar qiymətindən çox olmayan hissəsi ən azı qeyri-qənaətbəxş aktivlər kimi, bazar qiymətindən çox olan hissəsi isə ümidsiz aktivlər kimi təsnifləşdirilir.
8.8. Gündəlik əsasda bankın mənfəət/zərər haqqında hesabatında nəzərə alınan qiymətli kağızlar üzrə ehtiyat yaradılmır.
8.9. Hüquqi şəxslərin kapitalında iştirak payı bu Qaydaların 3.6-cı bəndində müəyyən edilmiş aidiyyəti keyfiyyət meyarlarına əsasən təsnifləşdirilir. Qənaətbəxş aktiv kimi təsnifləşdirilmiş bu növ aktivlər üzrə ehtiyat yaradılmır.
- Bank işində istifadə olunmayan aktivlərin (əmlakın) təsnifləşdirilməsi
9.1. Ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş və bank işində istifadə olunmayan daşınmaz əmlak balansa götürüldüyü tarixdən aşağıdakı kimi təsnifləşdirilir və onun üçün müvafiq ehtiyatlar yaradılır:
9.1.1. daşınmaz əmlakın bazar qiyməti onun balans dəyərindən çox olduqda o, balans dəyəri məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir;
9.1.2. daşınmaz əmlakın bazar qiyməti onun balans dəyərindən az olduqda o, bazar qiyməti məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi, fərq hissəsində isə ümidsiz aktiv kimi təsnifləşdirilir.
9.2. Ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş daşınmaz əmlak, habelə əvvəllər istifadə etdiyi əsas vəsaitlər istifadə olunmadığı andan 2 (iki) ildən artıq balansda saxlanıla bilməz. Müddət başa çatdıqdan sonra həmin daşınmaz əmlak balansdan silinir və balansdankənar hesabda uçota alınır.
9.3. Ödənilməmiş borclar müqabilində bankın balansına götürülmüş daşınar əmlak, o cümlədən qiymətli kağızlar balansa götürüldüyü tarixdən, habelə bank işində istifadə olunmayan daşınar əmlak bank işində istifadə olunmadığı tarixdən aşağıdakı kimi təsnifləşdirilir və onun üçün müvafiq ehtiyatlar yaradılır:
9.3.1. daşınar əmlakın bazar qiyməti balans dəyərindən çox olduqda o, 60 gün ərzində balans dəyəri məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi təsnifləşdirilir;
9.3.2. daşınar əmlakın bazar qiyməti balans dəyərindən az olduqda o, 60 gün ərzində bazar qiyməti məbləğində ən azı qeyri-qənaətbəxş aktiv kimi, fərq hissəsində isə ümidsiz aktiv kimi təsnifləşdirilir;
9.3.3. 60 günlük müddət başa çatdıqdan sonra daşınar əmlak ən azı təhlükəli aktiv kimi təsnifləşdirilir;
9.3.4. 120 günlük müddət başa çatdıqdan sonra daşınar əmlak ümidsiz aktivlər kimi təsnifləşdirilərək balansdan silinir və balansdankənar hesabda uçota alınır.
- Balansdankənar öhdəliklərin təsnifləşdirilməsi
10.1. Balansdankənar öhdəliklər təsnifləşdirilmə məqsədləri üçün iki qrupa bölünür:
10.1.1. birinci qrup – müqavilə əsasında banka birtərəfli qaydada öhdəliyi tam və ya qismən yerinə yetirməmək hüququ verən öhdəliklər;
10.1.2. ikinci qrup – şərtsiz olaraq icra edilən öhdəliklər.
10.2. Balansdankənar öhdəliklərin təsnifləşdirilməsi balans aktivləri üzrə bu Qayda ilə müəyyən olunmuş tələblərə uyğun olaraq aşağıdakılar nəzərə alınmaqla həyata keçirilir:
10.2.1. birinci qrup balansdankənar öhdəliklər – balansdankənar öhdəliyin balans hesablarına keçirildiyi andan balansa keçən hissə üzrə;
10.2.2. ikinci qrup balansdankənar öhdəliklər – balansdankənar öhdəliyin yarandığı tarixdən qalıq müddəti bir ilədək olan öhdəliklər üzrə 50% hissəsinə, qalıq müddəti bir ildən artıq olan digər öhdəliklər üzrə 100% hissəsinə;
10.2.3. bank tərəfindən verilən qarantiya (zəmanət) – balans hesab(lar)ına keçirildiyi andan onun balansdankənardakı kateqoriyasından daha yaxşı kateqoriyaya aid edilməməklə ən azı əlavə risklərə məruz standart aktivlər kimi təsnifləşdirilir.
- Aktivlər üzrə ehtiyatların yaradılmasında təminatın rolu
11.1. Aktivlər üzrə ehtiyatların yaradılmasında nəzərə alınması və təminat səviyyəsinin müəyyən edilməsi məqsədilə aktivlər üzrə təminatlar 5 (beş) qrupa bölünür:
11.1.1. birinci qrup təminatlar:
11.1.1.1. borcalanın, yaxud üçüncü şəxsin depozit hesabındakı milli və xarici valyutada pul vəsaitləri;
11.1.1.2. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları, dövlət zəmanəti, habelə Mərkəzi Bank tərəfindən buraxılmış qiymətli kağızlar;
11.1.1.3. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun buraxdığı təmin edilmiş qiymətli kağızları;
11.1.1.4. dövlət tərəfindən yaradılmış və bank kreditləri üzrə öhdəliyin yerinə yetirilməsinə zəmanət verən fondların zəmanəti;
11.1.1.5. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin hökumətləri və ya mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər);
11.1.1.6. banka saxlanc girovu kimi qoyulmuş bank metalları;
11.1.1.7. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər);
11.1.1.8. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A-” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik maliyyə təşkilatları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər);
11.1.2. ikinci qrup təminatlar:
11.1.2.1. banka saxlanc girovu kimi qoyulmuş qiymətli metallar (bank metalları istisna olmaqla);
11.1.2.2. beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş kredit reytinqi Azərbaycan Respublikasının ölkə (suveren) borc reytinqindən maksimum 3 (üç) pillə aşağı olan yerli banklar (Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları) tərəfindən verilmiş qarantiyalar (zəmanətlər);
11.1.2.3. birinci qrup təminatlara aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik ölkələrin hökumətləri və ya mərkəzi bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər);
11.1.2.4. birinci qrup təminatlara aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik çoxtərəfli inkişaf bankları tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər);
11.1.2.5. birinci qrup təminatlara aid edilməyən və beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum investisiya reytinqinə malik banklar tərəfindən buraxılmış qiymətli kağızlar və qarantiyalar (zəmanətlər);
11.1.2.6. Bakı Fond Birjasında alınıb-satılan və ya beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum “A” kredit reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik şirkətlərin buraxdığı qiymətli kağızlar;
11.1.3. üçüncü qrup təminatlar:
11.1.3.1. daşınmaz əmlak;
11.1.4. dördüncü qrup təminatlar:
11.1.4.1. avtonəqliyyat vasitələri, gəmi, təyyarə, helikopter;
11.1.5. beşinci qrup təminatlar:
11.1.5.1. əvvəlki qruplara daxil olmayan digər təminatlar.
Aktivin təminatı qismində birinci qrup təminat növləri çıxış etdikdə aktivin qeyd-şərtsiz təmin olunmuş hissəsi üzrə ehtiyat yaradılmır. Təminatı qismində birinci qrup təminat növləri çıxış edən aktiv üzrə 60 (altmış) gündən çox gecikmə müşahidə edildikdə həmin aktiv bu Qaydanın müvafiq bəndlərinə uyğun qaydada təsnifləşdirilir və ehtiyat yaradılır.
11.2. İkinci, üçüncü və dördüncü qrup təminatlar (ikinci qrup təminatlara daxil olan qarantiyalar (zəmanətlər) istisna olmaqla) yalnız ümidsiz aktivlər kateqoriyası üzrə ehtiyatların yaradılması zamanı nəzərə alınır. Bu zaman təminatın xalis bazar qiyməti aşağıdakı şərtlər daxilində nəzərə alınır:
11.2.1. hesablamada nəzərə alınan xalis bazar qiyməti aktivin ümumi məbləğindən artıq olmamalıdır;
11.2.2. bankın təminat üzərində hüquqları qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməlidir;
11.2.3. təminatın müddəti təmin etdiyi öhdəliyin müddətindən az olmamalıdır;
11.2.4. təminatın satışı üçün likvid bazar olmalıdır;
11.2.5. təminatın dəyəri yenidən qiymətləndirilməlidir;
11.2.6. təminatın bazar qiyməti müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilməlidir.
11.3. Bu Qaydanın 11.3-cü bəndində müəyyən edilmiş şərtlər təmin edildikdə ümidsiz aktivlər üzrə ehtiyatlar aşağıdakı qaydada hesablanır:
E = (A – L x i) x 100%
burada: E – ehtiyatın məbləği, A – aktivin ümumi məbləği, L – təminatın nəzərə alınan xalis bazar qiyməti, i – təminatın likvid dəyərinin hesablanması üçün təminat qrupuna uyğun əmsaldır. Hesablamada bu Qaydanın 11.5-ci bəndində müəyyən edilmiş likvid dəyəri daha yüksək olan təminat qrupu əsas götürülür.
11.4. Təminatın likvid dəyərinin hesablanması üçün təminat qrupları üzrə əmsallar aşağıdakı kimidir:
11.4.1. ikinci qrup üzrə – xalis bazar qiymətinin 50%-i;
11.4.2. üçüncü qrup üzrə:
11.4.2.1. yaşayış sahəsi üzrə daşınmaz əmlak olduqda – xalis bazar qiymətinin 40%-i;
11.4.2.2. bu Qaydanın 11.5.2.1-ci yarımbəndinə aid edilməyən digər daşınmaz əmlaklar olduqda – xalis bazar qiymətinin 30%-i;
11.4.3. dördüncü qrup üzrə – xalis bazar qiymətinin 20%-i;
11.4.4. beşinci qrup təminatlar ehtiyatların yaradılmasında nəzərə alınmır.
11.5. Təminatın reallaşdırılması aktiv ümidsiz aktiv kateqoriyasına daxil edildikdən sonrakı 3 (üç) il ərzində tamamlanmadıqda həmin aktivin ümumi məbləği üzrə (bu Qaydanın 11.5-ci bəndi tətbiq edilmədən) 100% həcmində ehtiyat yaradılır.
“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”na Əlavə 1 |
Borcalanın və ya birgə borcalanlar qrupu üzvlərinin gəlirləri və borc yükü arasında fərqin hesablanması qaydası
Burada,
– Borcalanın vergidən sonra xalis gəliri,
– Borcalanın borc yükü,
– yeni kredit üzrə aylıq ödəniş,
( =1,2,…) – birgə borcalanların sayı,
– müvafiq il üzrə Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilən ölkə üzrə yaşayış minimumu göstəricisi.
“Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”na Əlavə 2 |
BGN əmsalının hesablanma düsturu
Burada,
BGN – borcun gəlirlərə nisbəti,
D – borcalanın borc yükü,
PMT – yeni kredit üzrə aylıq ödəniş,
I – borcalanın vergidən sonra xalis gəliri,
n (n=1,2,…) – birgə borcalanlar qrupu üzvlərinin sayı.