Bank

Yelo Bank əmanət qəbulunda liderlərdən biridir: 44,3% artım!

Ad və imic dəyişikliyindən sonra bank bazarında rəqabətə qoşulan Yelo Bank bu ilin altı ayında ən çox əmanət qəbul edən banklardan sayıla bilər. Bankın müştərilərin depozitlərində və cari hesablarında 121 milyon 358 min manat artım var. Bankda depozitlərin ümumi həcmi 508,93 milyon manata (artım 44,3%), əhalinin əmanətləri 382,831 milyon manata (artım 26%) bərabərdir.

Bankın maliyyə vəziyyəti haqqında hesabatına görə, “Yelo Bank” 2022-ci ilin yanvar-iyun aylarında aktivlərini 40,5% artıraraq 750,018 milyon manata çatdırıb. Bnakın aktivlərinin 71,6%-i kreditlərdədir. İyunun 30-na bankın kredit portfeli 537,48 milyon manatdır, 2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 20,5%-dir. Kredit səbətində ən böyük artım biznes kreditlərində baş verib. Biznesə verilən borc pulun həcmi 331,057 milyon manat olub ki, bu 28% artım deməkdir. Bankın istehlak kreditləri kimi vətəndaşlara 134,223 milyon manat pul verib. Bu isə ötən altı ayda 20,3% artım deməkdir. Daşınmaz əmlak kreditlərində isə 3 milyonluq bir azalma var və hazırda bu qrup kreditlərin həcmi 72 milyon manat təşkil edir.

Aktivlərdə digər ən böyük pay isə nağd pul və onun ekvivalentlərinin həcmidir - 158 milyon manat. Yerigəlmişkən, bankdakı tələbli depozitlərin məbləği 187 milyon manat təşkil edir, nəticədə likvidlik qəpi 29 milyon manatdır. Belə çıxır ki, ani problem yaransa, bank müştərilərinin depozitini ödəmək üçün dayanıqlı bir maliyyə sisteminə malikdir.     

Ümumilikdə “Yelo Bank”ın öhdəlikləri 677,823 milyon manat həcmindədir, ötən hesabat dövründə artım 45,6%-dir.

Kapitalı 5% artaraq 72 milyon 194,54 min manat, nizamnamə kapitalı 378 milyon manat (dəyişməyib) təşkil edir. Bankın kapitalında 311 milyon 892 min manat həcmində ötən illərdən yığılan zərər də dayanır ki, bu da səhmdarın bir müddət divident götürməyəcəyini göstərir.    

Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 2 milyon 351,98 min manat təşkil edib. Bankın faiz gəlirləri 39 milyon manat olub ki, bununda 37 milyon manatı kreditlərdən əldə olunan qazancdır. Faiz xərcləri altında formalaşan 14 milyon manatın 12 milyonu isə məhz götürülən depozitlər üzrə faizlərin verilməsinə xərclənib. 6 milyon manat qeyri-faiz gəlirləri, 28 milyon manat həcmində isə qeyri-faiz xərcləri formalaşıb. Nəticədə bank 3 milyon 149 min manat həcmində əməliyyat mənfəəti əldə edib və bunun 798 min manatını xüsusi ehtiyatlara ayırıb.

“Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov birinci yarımilliyin maliyyə nəticələrini belə şərh edib: “Əmanət və kredit portfellərində yüksək artım dinamikası həyata keçirilən inkişaf strategiyamızın əsas göstəricilərindəndir. Bankımız maliyyə tərəfdaşı kimi real sektoru fəal şəkildə dəstəkləməyə və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə davam edəcək. İlin yarısını müsbət nəticələrlə geridə qoyduq. İlk 2 rüb ərzində bir neçə yeni rəqəmsal filial istifadəyə verdik, həmçinin innovativ və müştərilərin gündəlik həyatını rahatlaşdıracaq bankçılıq həlləri təqdim etdik. 2022-ci ilin sonunadək bu yenilikləri davam etdirərək daha böyük uğurlar əldə edəcəyimizə əminəm".

“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” QSC-dir.

ENA Maliyyə qrupu

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)