ABŞ-da minimum əməkhaqqı 1950-ci illərdən bəri ən aşağı səviyyəyə düşüb
İnflyasiya səbəbindən ABŞ-da minimum əməkhaqqı 1956-cı ilin fevralından bəri ən aşağı səviyyədədir. Bu barədə “CNBC” telekanalı Amerika İqtisadi Siyasət İnstitutunun (EPI) araşdırmasına istinadən məlumat yayıb. İndi ölkədə minimum əmək haqqı tam iş günü üçün 7.25 dollardır. Və bu göstərici son 13 ildə dəyişməyib.
ABŞ-da minimum əməkhaqqı sonuncu dəfə 2009-cu ildə qaldırılıb. O vaxtdan bəri o, nəzərəçarpacaq dərəcədə dəyərdən düşüb. Mütəxəssislərin fikrincə, sözügedən illərdə minimum əməkhaqqı alan şəxs əslində indikindən ildə 5 min dollar çox qazanıb.
Qeyd edək ki, demokratlar minimum əməkhaqqını bir anda iki dəfə – 15 dollara qədər artırmağı planlamışdı. ABŞ prezidenti Co Bayden təklifi müdafiə etmişdi. O, 1.9 trilyon dollarlıq pandemiya yardım tədbirinə ümummilli minimum əməkhaqqı artımını da daxil eləmişdi.
Lakin respublikaçıların çoxluq təşkil etdiyi Senatda təşəbbüs dəstək almamışdı.
“Əgər minimum əmək haqqı son 20-30 ildə daha müntəzəm olaraq artırılsaydı, bu insanlar bu gün indikindən qat-qat çox qazanacaqdılar”, – deyə EPI nümayəndəsi söyləyib.
Daha əvvəl Beynəlxalq Valyuta Fondu xəbərdarlıq etmişdi ki, ABŞ-ın 2022 və 2023-cü illərdə tənəzzüldən qaçması çətin olacaq.