Prezident Avropa Parlamentini TƏNQİD ETDİ
“Müharibə bitəndən sonra səfirliklərin nümayəndələri, siyasətçilər, Avropanın bəzi ölkələrinin parlament sədrləri, jurnalistlər tərəfindən çoxsaylı səfərlər olub. Onların hamısı Azərbaycanın mədəni irsinin tamamilə məhv edilməsinin şahidi olmuşlar. Onlar hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər”.
ENA.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 19-da Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
“Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur. Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılmışdır. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlərimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər. Hazırda biz səfərlər təşkil edirik və Azərbaycanın hər bir vətəndaşı Şuşanı, Füzulini və Ağdamı ziyarət edə bilər. Hər kəs erməni vandalizminin, barbarlığının miqyasını görə bilər.
Belə şəraitdə Azərbaycanı heç vaxt etmədiyimiz məsələlərdə ittiham edən Ermənistanın və ermənilərin ərazilərimizdə törətdiyinə göz yuman birtərəfli qətnamənin qəbul edilməsi tamamilə qəbulolunmazdır. Əfsuslar olsun, bu, baş verdi. Bilirəm ki, nümayəndə heyətinizin bir çox üzvləri həmin qətnamənin lehinə səs veriblər. Bu isə tamamilə əks-nəticə verən addımdır. Birincisi, bu, yalandır və uydurulmuş faktlara, böhtan və iftiralara əsaslanır. İkincisi, bu o qədər böyük əhəmiyyət kəsb etmir. Çünki siz yəqin bilirsiniz ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin yaxşı tarixi var və xüsusilə hazırda əlaqələr çox uğurla inkişaf edir”, - Prezident İlham Əliyev vurğulayıb.
“Səmimi desək, mən Azərbaycana səfərinizi planlaşdırdığınızı eşidəndə hətta bir az təəccübləndim. Ola bilsin, səbəb sizə məlumdur. Əməkdaşlığın inkişafı ilə bağlı geniş şəkildə müzakirə etdiyimiz görüş yadımdadır. Lakin, əfsuslar olsun ki, bu, baş tutmadı. Səbəb bizimlə yox, Avropa Parlamentinin bəzi üzvlərinin mövqeyi ilə bağlı idi. Biz həmin mövqeni tamamilə əsassız hesab edirik. Bizə qarşı ittihamlar, təhqirlər səsləndirildi və yalan məlumatlar yayıldı. Mən hətta Avropa Parlamentinin müxtəlif vaxtlarda qəbul etdiyi antiazərbaycan qətnamələrin sayını da yaddan çıxarmışam. Ola bilsin, 10-dan artıq qətnamədən söhbət gedir. Xüsusən də Vətən müharibəsindən sonra bir qətnamə qəbul edilmişdir. Bu, ayrıca narahatlıq doğurur, çünki həmin qətnamədə Qarabağda erməni mədəni irsinin dağıdılmasına istinad edilir. Bu isə həqiqətə uyğun deyil. Həmin qətnamə bu ilin mart ayında qəbul olunub. Yəni, müharibə bitəndən il yarım sonrakı vaxta təsadüf edir”, - dövlət başçısı bildirib.