Aqrar

Cəlilabadda kartof kəskin ucuzlaşıb, fermerlər məhsulu dəyər-dəyməzinə satırlar

Cəlilabad rayonunda kartof əkin sahələrində çürüyür.

Bu barədə fermerlər məlumat verib.

Onların sözlərinə görə, əvvəllər qiymətlər münasib olsa da, son günlər məhsulun qiymətinin aşağı düşməsi onları çətin vəziyyətə salıb:

“Məhsulumuz boldur, amma alıcı yoxdur. Kartof yığımı davam edir. Məhsulun qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və məhsulun satışındakı durğunluq bizi narahat edir. Bir neçə həftə əvvəl 1 manata satdığımız faraş kartofun indiki qiyməti 25-30 qəpik civarındadır. Bu qiymətə məhsulun satılması isə ona çəkilən xərcləri belə ödəmir”.

Onlar qeyd edirlər ki, kartofu məcbur dəyər-dəyməzinə satırlar:

“Sahədə qalsa, qurd yeyəcək. Həşəratlar daraşacaq, heç kim almayacaq. Riskli olsa belə, elə fermer var ki, məhsullarını hələ yığmayıb. Ola bilsin ki, qiymətlər qalxsın. Lakin havalar da isti keçir, kartofun torpağın altında çürümə riski var”.

Qeyd edək ki, Cəlilabad kartofu daha çox Rusiya Federasiyasına ixrac olunur. Hazırda isə Rusiyanın müxtəlif vilayətlərində də kartof yığımının başlaması Cəlilabadda istehsal olunan kartofa tələbatı azaldıb. Mütəxəssislərin fikrincə, bölgədə emal müəssisələrinin yaradılması bu sahədəki mövcud çətinliklərin aradan qaldırılmasına kömək edə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)