Ukrayna növbəti dəfə Gürcüstanı ittiham edib
“Rusiyanın fərdi şəxsləri və şirkətləri Qərbin sanksiyalarından yayınmaq üçün Gürcüstanda qeydiyyata alınan hüquqi şəxslərdən istifadə edirlər”.
Bunu Vaşinqtonda səfərdə olan Ukrayna nümayəndə heyətinin rəhbəri, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya deyib.
O, heç bir əlavə detallar və sübutlar təqdim etməyərək ABŞ-ı məsələ ilə bağlı tədbirlər görməyə çağırıb: “Rusiyalılar fəal olaraq Gürcüstan bankları, maliyyə sistemi və şirkətlərini istifadə edirlər. Əgər siz Rusiyada sanksiyalar altındasınızsa, internetə daxil olursunuz, Gürcüstan şirkəti qeydiyyata alırsınız, distant olaraq bank hesabı açırsınız və prossesinqə başlayırsınız”.
Gürcüstanın ABŞ-dakı səfirliyi ittihamları əsassız adlandıraraq onların həqiqətə qətiyyən uyğun olmadığını bildirib.
Qeyd edək ki, bundan əvvəl də Ukrayna rəsmiləri Rusiyanın sanksiyalardan qaçması üçün Gürcüstandan istifadə olunduğu ilə bağlı bəyanatlar səsləndiriblər. Rəsmi Tbilisi Kiyevdən sübutlar tələb edib.