“Ağıllı kənd”də həyat necə olacaq? – Nazirlik rəsmisi açıqladı
Azərbaycanın ilk “ağıllı kənd”i – Zəngilanın Ağalı kəndi artıq sakinlərini qəbul etməyə hazırdır. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru Əkbər Abbasov ATV kanalında yayımlanan “İqtisadi zona” proqramında kəndin infrastrukturu, sakinlər üçün yaradılmış şəraitlə bağlı sualları cavablandırıb.
– Əkbər müəllim, bu gün Zəngilanın Ağalı kəndində hansı işlər tamamlanıb? Sakinlərin orada yaşaması üçün işlər tam yekunlaşıbmı?
– Bildiyiniz kimi, Prezident İlham Əliyev mayın 27-də layihənin birinci mərhələsinin açılışında iştirak etdi. Təxminən 5 gün sonra Ağalı kəndini təkrar ziyarət etmək imkanımız oldu. Ümumiyyətlə, kəndin tikintisindən məlumatı olmayan şəxs üçün kənardan baxanda hər şey tam hazır görünür. Təbii ki, belə deməyə əsas da var. Çünki orada artıq yaşayış üçün lazım olan bütün infrastruktur layihələri, demək olar ki, sona çatıb. Bununla da birinci mərhələ bitmiş sayılır. Bundan sonrakı layihələrdə isə artıq sakinlərin kəndə köçürülməsinə başlanılacaq. Yəni bütün infrastruktur deyərkən, misal üçün, bir yaşayış məntəqəsində normal həyatın təşəkkül tapması üçün birinci sosial obyektlər, infrastruktur layihələrdir. Gördüyünüz kimi, kənddə yüksək “ağıllı texnologiyalar”la təchiz olunan məktəb, həmçinin tibb müəssisəsi, inzibati idarəetmə üçün bina, situasiya idarəetmə mərkəzi və “aıllı kənd”in elementlərini özündə ehtiva edən digər infrastruktur obyektləri artıq istifadəyə tam hazırdır. Növbəti mərhələ üçün kənd öz sakinlərini qəbul etməyə tam hazırdır.
– Bəs kəndə qayıtmaq istəyən sakinlərdən müraciət varmı? Köç nə vaxta nəzərdə tutulur?
– Məntiqi ardıcıllıqla yanaşsaq, Ağalı kəndində 200 fərdi evin tikintisi yekunlaşıb. Növbəti mərhələdə isə daha 150 evin tikintisi nəzərdə tutulub. Bu layihə ortaya çıxmamışdan öncə də konsepsiya hazırlandığı dövrdə əvvəllər I, II və III Ağalı kəndlərində yaşamış 1400-dən çox sakinin hamısı ilə təmas qurulub, onların ehtiyacları müəyyən olunub, qayıdışla bağlı fikirləri dinlənilib. Qeyd edim ki, kənddə I mərhələdə tikilən 200 ev rəqəmi sadəcə simvolik rəqəm deyil. Və ya hər hansısa memarın bir yaşayış məntəqəsinə daha gözəl arxitektur quruluş verməsi üçün nəzərdə tutulmuş bir rəqəm deyil. Bu, I mərhələdə məskunlaşacaq insanların sayına uyğun müəyyən edilən ev sayıdır. Nəzərə alsaq ki, orada 40 ikimərtəbəli, 160 birmərtəbəli ev tikilib, otaqların sayı və mənzillərin yaşayış sahəsi də dəyişir. Ona görə də tam arxayın demək olar ki, hansı ailələrin qayıdacağı, onların ailə tərkibi, I mərhələdə neçə nəfərin kəndə dönəcəyi artıq məlumdur. Amma nəzərə alaq ki, sakinlərin sayı kifayət qədər çoxdur. Geri dönmək istəyənlərin də böyük əksəriyyəti bu barədə planlarını artıq təsdiq ediblər. Buna görə də işlərin mərhələli şəkildə aparılması bu ərəfədə daha doğru olardı. Sizə deyə bilərəm ki, yaxın vaxtlarda köçürülmə prosesi başlayacaq. İndidən bu xoş xəbəri vermək olar ki, artıq sentyabrın 15-də 30 ildən sonra ilk Ağalı şagirdləri öz məktəblərində tədris ilinə başlayacaqlar.
– Ağalıya qayıdacaq sakinlər üçün başqa hansı imkanlar yaradılacaq? Evlərin tikilməsi, infrastrukturun qurulması vacib addımdır. Bəs orada yaşayacaq sakinlərin məşğulluğunun təmin olunması üçün əlavə dəstəyin yaradılması nəzərdə tutulurmu? Ümumiyyətlə, qayıdışla bağlı bir qədər geniş məlumat verməyinizi istərdik.
– Məsələyə iki bucaqdan baxmaq olar. Birincisi, işğaldan azad olunmuş ərazilərdə vergi güzəştləri və dövlətin təsdiq edəcəyi digər dəstək mexanizmləri gözlənilir. Həmçinin, sahibkarlara əlverişli şərait yaradılması da nəzərdə tutulur. Başqa bir perspektiv isə hazırda kənd təsərrüfatına verilən dəstək mexanizmlərinin onlara da şamil edilməsidir. Qeyd edə bilərik ki, Ağalı sakinləri hər iki imkandan yararlana biləcəklər. Əgər biz kənddən danışırıqsa, “ağıllı kənd” olsa da, kənddə birinci məşğuliyyət təbii ki, kənd təsərrüfatı, fermer fəaliyyətidir. “Ağıllı kənd”də də həm bitkiçiliklə, həm də heyvandarlıqla, ağıllı kənd təsərrüfatı ilə məşğul olan fermer icma qrupu olacaq. Eyni zamanda, sadaladığım dövlət qurumlarının – məktəbin, tibb müəssisəsinin, idarəetmə müəssisəsinin, hidroenergetika stansiyasının işində yerli sakinlər çalışacaqlar. Həmçinin, orada bir sıra istehsal sahələrinin, məsələn, pendir istehsalı, beton istehsalı müəssisələrinin qurulması nəzərdə tutulur. Biz daha çox növbəti aylardan danışırıq. Amma qeyd edə bilərəm ki, mənim son səfərimdə artıq Ağalıda fəaliyyət göstərən kafedə nahar etdim və geri dönüşdə isə kənddə yerləşən marketdən bazarlıq etdim. Xatirə olaraq həmin çeki özümdə saxlamışam.
– Bəzən “ağıllı kənd” dedikdə, texnoloji park, ya da alətlərin yerləşdiyi bir məkan başa düşülür. Yəqin ki, yaşlı insanlar bu barədə bir qədər məlumatsızdırlar. Ona görə də onlar üçün orada yaşamaq bir qədər çətin görünə bilər. Bəs əslində necədir? “Ağıllı kənd”də “ağıllı texnologiyalar” konkret hansı sahələrdə tətbiq olunacaq, istifadə olunacaq?
– Ağalı kəndinin sakinləri ilə həm qayıdışla bağlı planlar, həm digər məsələlər müzakirə olunanda prioritet məsələlərdən biri də onların bilik və bacarıqları idi. “Ağıllı kənd” dedikdə, birinci yanlış yönləndirmə ondan ibarətdir ki, insanlar daha çox robotlardan, pilotsuz uçuş aparatlarından istifadə, ümumiyyətlə, bütün məişət qayğılarını və istehsal proseslərini əhatə edəcək texnologiyalar nəzərdə tuturlar. Amma bu, tam olaraq belə deyil. Çünki “ağıllı kənd”də istehsal prosesi, yaşayış bildiyimiz digər kəndlərdəki kimi olacaq. Burada artıq robot texnologiyasından, yaxud insanüstü varlıqların hərəkətindən söhbət getmir. Texnologiyalar yalnız ehtiyacları müəyyənləşdirir, ağıllı olan kənd təsərrüfatıdır. Fermerin yerinə qərarı, təbii ki, yekunda texnologiya verməyəcək. Amma düşünün ki, biz indiyə qədər torpağa baxıb onun nəmliyini müəyyən etməyə çalışırıq. Ancaq burada torpağın, tutaq ki, 30 santimetr dərinliyinə kimi yerləşdirilən sensor vasitəsilə 100 faiz dəqiqliklə nəmliyin hansı səviyyədə olduğunu bilirik. Orada yerləşdirilən lokal iqlim hava stansiyalarında isə yaxın 2 həftədə həmin ərazidə yağış olub-olmayacağına 90 faizdən çox dəqiqliklə qərar verən sistem var. Təbii ki, belə şəraitdə suvarma haqqında da dəqiq qərar vermək mümkün olacaq. Normalda biz bunu təcrübələrimizə və keçmişdən gələn əsaslandırmalarımıza əsasən edirik. Məncə, bu misallar müəyyən təsəvvür yaradır ki, bu, heç də əlçatmaz texnologiyalar, mümkün olmayan, işlətməsi çətin olan texnologoyalar deyil.
Tibb xidmətinin təşkilində çox maraqlı yenilik var. Oradakı yerli tibb xidməti müəssisəsində köşk xarakterli bir qurğu var. Həmin qurğu insanların göz bəbəyinin ölçüsündən tutmuş qandakı şəkərin miqdarı, təzyiq və s. bu kimi əsas meyarları ölçərək ilkin olaraq diaqnoz qoymaq imkanı yaradır. Ağalı sakinləri üçün maraqlı bir təşəbbüs də yaradılıb. Bir çox yerli və xaricdə yaşayan, çalışan həkimlər də bu təşəbbüsə qoşulublar. Həmin qurğu əldə etdiyi şəxsi məlumatları bu maraqlı təşəbbüsə qoşulan azərbaycanlı həkimlərə birbaşa göndərir və artıq həkimlər monitorun digər tərəfində həmin köşkün ötürdüyü datalara baxaraq Ağalı sakinlərinə birbaşa diaqnoz qoymaq xidməti də göstərəcəklər. Bu, təbii ki, pullu xidmət deyil. Onlar hamısı könüllü olaraq bu işdə çalışmağa razı olan həkimlərdir.
– Nəzərə alsaq ki, işğaldan azad olunmuş ərazilərimizdə tam olaraq minalardan təmizlənmə işləri hələ ki, yekunlaşmayıb, bu baxımdan Ağalı kəndində yaşayışın təşkilində sakinlərin təhlükəsizliyinin təmin olunması məsələləri necə tənzimlənib?
– Sizə tam arxayınlıqla deyə bilərəm ki, kəndin qurulduğu ərazidə, tək yaşayış evlərinin yerləşdiyi ərazi yox, kəndin yaxınlığında yerləşən örüş-otlaq sahələri, kənd təsərrüfatı sahələri, süni yaradılan sututar və onun ətrafı, kommunikasiya xətlərinin ətrafı və s. ümumiyyətlə, xəritədə Ağalı kəndinə ayrılan bütün ərazilər tam olaraq minalardan təmizlənib və təhlükəsiz zonadır. Ağalı kəndi və ətrafında minaların olması ilə bağlı söhbət gedə bilməz.
– Perspektivdə nəzərdə tutulan digər “ağıllı kənd” layihələri barədə məlumat verə verməyinizi istərdik. Məsələn, Füzuli rayonunun Dövlətyarlı kəndində də belə bir layihə nəzərdə tutulur. Burada vəziyyət nə yerdədir? İşlər hansı mərhələdədir?
– Öncə qeyd edim ki, Ağalıdakı “ağıllı kənd” vaxtilə Zəngilanda mövcud olan eyniadlı kəndin yaxınlığında salınıb. Dövlətyarlı kəndi isə bir-birinə çox yaxın məsafədə yerləşən 5 kəndin birgə yaşayışını təmin edəcək “ağıllı kənd”dir. Bu kənd Köndələnçay su anbarının, Füzuli şəhərinə gedən yolun, həmçinin hava limanının yaxınlığında yerləşir. İlkin olaraq kənddə 450 evin tikintisi nəzərdə tutulub. Burada da öz yurdlarına dönəcək sakinlərimizin daha rahat yaşamasına imkan verəcək “ağıllı texnologiyalar”yerləşdiriləcək. Dövlətyarlı daha böyük kənddir, yaşayış məntəqəsidir. Köndələnçay su anbarının yaxınlığında yerləşməsinin üstünlüyü ondan ibarətdir ki, orada akvakultura balıqçılıq inkişaf etdiriləcək. Ağalıda daha çox hidroenergetika stansiyasında suyun enerjisindən istifadə olunacaqsa, Dövlətyarlıda 50 hektarlıq sahədə qurulacaq günəş panellərinin hesabına kəndin enerji ehtiyacları tam təmin ediləcək. Bu kimi yeniliklər var. Düşünürəm ki, növbəti aylarda həmin kəndlə bağlı artıq tikinti prosesindəki yenilikləri izləyə biləcəyik.