Gündəm

Putinin Ukraynaya göndərdiyi komandan YOXA ÇIXIB

Ukraynada müharibə davam edərkən, hər gün Rusiya cəbhəsindən ordudakı iğtişaşlar və itkinlərlə bağlı xəbərlər gəlir. Bu dəfə Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı rus qoşunlarına komandan təyin etdiyi generalla bağlı təəccüb doğuran iddialar ortaya atılıb.

ENA.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın Suriyada apardığı müharibədə iştirak edən və bu ölkədəki hərəkətlərinə görə hərbi cinayətkar elan edilən general Aleksandr Dvornikov illər sonra Ukrayna müharibəsi ilə gündəmə gəlib.

Dvornikov aprel ayında Putin tərəfindən rus ordusuna rəhbərlik etmək üçün seçilib.

Qərb kəşfiyyatının məlumatına görə, Ukraynada uğursuzluğa düçar olan general iki həftədir yoxa çıxıb. Onun harada olduğu barədə heç bir məlumat yoxdur. Bu da Putinin öz komandirini istefaya göndərdiyi barədə şayiələrin yayılmasına səbəb olub.

General Aleksandr Dvornikovun iki həftədir görünmədiyi iddiası ABŞ rəsmiləri tərəfindən irəli sürülüb. Amerika rəsmiləri iddia edir ki, Dvornikov Kiyevdə olduğu kimi Donbasa qarşı hücumun uğursuzluqla nəticələndiyini görən Putin tərəfindən işdən çıxarılıb.

Əgər bu iddialar doğrudursa, indi Rusiyanın Ukraynadakı müharibəsinə kimin rəhbərlik etdiyi bəlli deyil.

Bundan əlavə, general Dvornikov həqiqətən də Putin tərəfindən işdən çıxarılıbsa, Qara dəniz donanmasının komandiri admiral İqor Osipov və Qərb rəsmilərinin işdən çıxarıldığını bildirdiyi 1-ci Qvardiya Tank Ordusunun rəhbəri general-leytenant Sergey Kisel kimi onun da taleyi bəlli olmayacaq.

Digər tərəfdən, Rusiyanın Baş Qərargah rəisi general Valeri Gerasimovun da yoxa çıxdığı güman edilir. Hər halda Dvornikovla bağlı ziddiyyətli informasiyalar yayılsa da, Rusiya tərəfi təmkinli davranmağa çalışır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)