Azərbaycanda ilk dəfə dəniz külək enerjisi üzrə yol xəritəsi təqdim ediləcək
Bakı Enerji Forumu-2022 çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycanda ilk dəfə dəniz külək enerjisi üzrə yol xəritəsini təqdim edəcəklər. Azərbaycanın toplam dəniz külək enerjisi potensialı 157 gigavatt səviyyəsində qiymətləndirilir, bu da ölkənin elektrik enerjisi hasilatında cari qoyuluş gücünün 20 mislindən artıqdır. Yol xəritəsində bu nəhəng potensiala dair strateji baxış və onun səmərəli istifadəsi üçün tövsiyələr yer alır.
Yol xəritəsinin təqdimatı, onun hazırlanmasında payı olan əsas tərəfdaşları, eləcə də dəniz küləyinin istifadəsində yetkin təcrübəyə malik olan ölkələrin nümayəndələrini bir araya gətirərək, ölkədə dəniz külək enerjisi bazarının yaradılmasının texniki, iqtisadi, ekoloji, sosial, məşğulluq və maliyyə aspektlərinin müzakirəsi üçün geniş meydan açacaq.
Ənənəvi olaraq, Bakı Enerji Forumu (Forum) neft-qaz sektorunun iştirakçılarını cəlb edir, lakin dünyanın və Azərbaycanın enerji strategiyası dəyişdikcə, Forum da dəyişir. Yol xəritəsinin Forumda təqdimatı Azərbaycanın öz enerji və iqtisadi strategiyasını şaxələndirməkdə israrlı olduğunun aşkar göstəricisi olmaqla yanaşı, bərpa olunan energetikanın, o cümlədən dəniz küləyi enerjisinin ölkəyə açdığı böyük imkanlardan xəbər verəcək.
Yol xəritəsinin təqdimatı tədbirində təsdiq olunmuş məruzəçilərin siyahısına daxildirlər:
- C-b Elnur Soltanov, AR Energetika Nazirinin müavini
- C-b Zaur Məmmədov, AR Energetika Nazirliyinin aparat rəhbəri
- X-m Sara Maykl (Sarah Michael), Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri
- X-m Ivana Fernandes Duarte, IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri
- Zati-aliləri x-m Paulin Eyzema (Pauline Eizema), Niderland Krallığının AR-da fövqəladə və səlahiyyətli səfiri
- Zati-aliləri c-b Ceyms Şarp (James Sharp), Birləşmiş Krallığın AR-da fövqəladə və səlahiyyətli səfiri
- X-m Yasemin Orucu, Dünya Bankının enerji üzrə baş mütəxəssisi
- Şon Uittaker (Sean Whittaker), IFC-nin sənaye üzrə aparıcı eksperti.
Adı çəkilən yol xəritəsi Dünya Bankının və IFC-nin müştərək layihəsi olan Dəniz Külək Energetikasının İnkişafı Proqramı çərçivəsində dəniz küləyinin potensialının öyrənilməsinə dair Dünya Bankı Qrupu tərəfindən sifariş edilmiş silsilə araşdırmalardan biridir. Bu tədqiqat Dünya Bankının “Energetika sektorunun idarə edilməsinə yardım proqramı” (ESMAP) və “Mavi iqtisadiyyat proqramı” (PROBLUE) çərçivəsində maliyyələşdirilib. Yol xəritəsi dövlət və özəl bölmələrin nümayəndələrindən, o cümlədən yerli və qlobal külək enerjisi sənayesinin təmsilçilərindən ibarət böyük sayda maraqlı tərəflərlə məsləhətləşmələr əsasında hazırlanıb.
Dünya Bankı Qrupunun Dəniz Küləyi İnkişafı Proqramı haqqında
Dünya Bankının (ESMAP) və IFC-nin müştərək layihəsi olan Dəniz Külək Energetikasının İnkişafı Proqramı inkişafda olan ölkələrdə dəniz küləyinin istifadəsini genişləndirmək məqsədini güdür. Proqram Dünya Bankı Qrupunun müştərisi olan dövlətlərin enerji siyasəti və strategiyalarına dəniz küləyi enerjisinin daxil edilməsini dəstəkləyir. Proqrama 2019-cu ildə start verilib, və hazırda o, 10 hökumətə dəniz küləyinin potensialını kəşf etməkdə fəal xidmət edir. Daha ətraflı məlumat üçün: https://esmap.org/offshore-wind