Sosial iqtisadiyyat

Prezident Bakı Enerji Həftəsinin açılışında iştirak edir

Bu gün Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində Xəzəryanı regionun energetika sektorunda ən böyük tədbir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas” 2022 sərgisi işinə başlayıb. Tədbirin açılışında Prezident İlham Əliyev iştirak edir.

ENA.az xəbər verir ki, iyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunur.

Xəzər Neft və Qaz sərgisi Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir. Regionda neft-qaz sənayesinin əsas tədbiri və tanınmış beynəlxalq platforması olan Xəzər Neft və Qaz “Caspian Oil & Gas” sərgisi hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədi ilə ən yüksək səviyyəli rəhbər işçilərini bir araya gətirir.

Sərgidə Almaniya, Rumıniya, Rusiya Milli pavilyonlar iştirak edəcək. Bu ilin yenilikləri arasında – bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, anlaşma Memorandumları, yaşıl hidrogen və ixrac məsələləri olacaq.

Şirkətlər neft hasilatı və enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemlərinin təmin edilməsi və servis xidmətləri sahəsində innovativ texnologiyaları, habelə regionun mövcud və gələcək neft-qaz layihələrini və bir sıra digər nailiyyətləri nümayiş etdirəcəklər.

Ənənəvi “Xəzər Neft və Qaz” sərgisi növbəti dəfə dünyanın müxtəlif ölkələrindən energetika sənayesinin liderlərini bir araya gətirəcək.

Bu il sərgidə və forumda öz iştirakını 30 ölkədən 249 şirkət təsdiq edib. Sərgidə ABŞ, Almaniya, Azərbaycan, Belarus Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İsrail, İspaniya, İsveçrə, İndoneziya, İtaliya, Qazaxıstan, Macarıstan, Norveç, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə, Xorvatiya, Yaponiya, Yunanıstan, Özbəkistan iştirak edəcək.

Tədbirə ənənəvi olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dəstək göstərirlər.

Bakı Enerji Həftəsinin statusunu onun sponsorlarının tərkibi də göstərir:

ACWA Power, bp, Equinor, Masdar, INPEX, Turkiye Petrolleri, Baker Hughes, Microsoft, PASHA Bank, TechnipFMC, Tenaris, TotalEnergies, Uniper, Azeri MI Drilling, AZFEN, Baku Steel Company, Equinor, Caspian Drilling, Caspian Marine Services Limited, Ernst & Young, Global Energy Azerbaijan Management, Tekfen.

İştirakçılar arasında Bos Shelf, Gazprombank, Equinor, Schlumberger və digər şirkətlər çıxış edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)