İlham Əliyev: "Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq"
“Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq”.
“BI” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı qeyd edib ki, əvvəlki illərdə sahibkarlara 2,2 milyard manat məbləğində, keçən il isə 160 milyon manat güzəştli kreditlər verilib: “Sevindirici haldır ki, verilən kreditlər əvvəlcə verilmiş və sonra qaytarılan kreditlər hesabına verilir. Yəni, büdcə bu məsələyə pul xərcləmir. Artıq bu vəsait akkumulyasiya olunub. Biz sahibkarlara hər il bu cür dəstək göstəririk və göstərəcəyik”.
Prezident İlham Əliyev bildirib ki, sahibkarlara daha böyük kömək göstərmək üçün indi bir çox ölkələrə ixrac missiyaları təşkil olunur: “Biz kömək edirik, bu işlərə büdcədən vəsait ayırırıq. Biz sərgilərdə, xüsusilə ərzaq məhsullarının təbliği ilə bağlı sərgilərdə dövlət hesabına iştirak edirik. Sahibkarları oraya cəlb edirik ki, onlar öz məhsullarını xaricə daha rahat sata bilsinlər. Ticarət evləri yaradılır. Artıq Belarusda, Çində, Ukraynada, Latviyada, Polşada Azərbaycan Ticarət evləri açılıb. Bu da bizim təşəbbüsümüzdür. Onu da bildirməliyəm ki, bizim Ticarət evlərimizə çox böyük maraq var. Bu Ticarət evlərinin açılması nəticəsində həmin ölkələrə bizim ixracımız da artır. Yaxın gələcəkdə Birləşmiş Ərəb Əmirliklərində və Rusiyada Azərbaycan Ticarət evlərinin açılması nəzərdə tutulur”.