Marketlərdə polietilen torbalar pulla satılır? - AÇIQLAMA
Bir neçə gündür ki, sosial şəbəkələrdə bəzi marketlərdə polietilen torbaların ödənişli satılması barədə məlumatlar paylaşılır.
İddialara görə, mağazalarda alış-veriş edən əhaliyə sellofan torbalar beş-on qəpiyə satılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında bildirib ki, nazirliyin marketlərdə satılan polietilen torbaların qiymətlərini tənzimləmək səlahiyyəti yoxdur:
“Biz torbaların mağazalarda pulla satılmasının tərəfdarıyıq. Amma onların qiymətini biz müəyyən etmirik. Sosial şəbəkələrdə marketlərdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlərə yazılsa da, mağazalarda torbaların pulla satışına də rast gəlinməyib”.
Nazirlik rəsmisi bildirib ki, sellofan torbalar təbiətə çox ziyan vurur:
“Bu torbalar istifadə edildikdən sonra ətraf ərazilərdə və yol kənarında xoşagəlməyən mənzərə yaradır. Biz ətraf mühitin qorunması üçün insanların alış-verişlərdə parça torbalardan istifadə edilməsini tövsiyə edirik”.
İradə İbrahimova qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl polietilen torbaların tədricən azaldılması və məhdudlaşdırılması təşəbbüsünü irəli sürüb:
“Plastik və polietilen tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə nazirlik tərəfindən kompleks tədbirlər planı hazırlanıb və qərar verilməsi üçün aidiyyəti qurumlara təqdim edilib.
Hazırda polietilen torbaların pullu olması, plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün şəraitin yaradılması və bu kimi digər məsələlərlə bağlı təkliflər paketi razılaşdırma mərhələsindədir.
Təbiəti qorumaq, ona sevgi ilə yanaşmaq hamımızın borcudur”.