Birja

Neft bahalaşır - Bu günə olan qiymət

Neft qiymətləri bütün əvvəlki həftənin yüksəlişindən sonra bazar ertəsi səhər mülayim şəkildə yüksəlir.

Londonun ICE Futures birjasında bazar ertəsi saat 9:20-yə olan Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 113,35 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,8 dollar (0,71%) çoxdur. 

Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında iyul ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 110,88 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,6 dollar (0,55%) çoxdur. 

Keçən həftə neft kotirovkaları sabit artımla başa çatdı - investorların tədarüklə bağlı narahatlıqları fonunda WTI təxminən 2,5%, Brent - təxminən 1% qiymət artımı etdi.

“Neft bazarında diqqət iqtisadi tənəzzülə səbəb olan sərt monetar siyasətlə dünyada neft məhsulları təklifinin azalması fornunda dəyişir”, - Saxo Bankın analitiki Ole Hansen bildirib.

Ekspert həmçinin əlavə edib ki, Çin hakimiyyəti Şanxayda koronavirus məhdudiyyətlərini aradan qaldırdıqca, tələb daha da artdıqca və Ukraynada davam edən münaqişə səbəbindən dünya bazarında neft tədarükü getdikcə daha da məhdudlaşdıqca vəziyyət daha da pisləşə bilər.

Eyni zamanda, birjalardakı ümumi tənəzzül bazara müəyyən təzyiqlər yaradır. 
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)