Sosial iqtisadiyyat

AZAL-ın 2020-ci ildə yığılmış zərəri - 1.8 MİLYARD MANATA ÇATIB

Azərbaycanda ən iri aviaşirkəti, milli aviadaşıyıcı “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2020-ci ildə də zərər etməklə, yığılmış zərərini 2 mlrd. manata çatdırıb.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə aviaşirkətin maliyyə hesabatı üzrə “Deloitte” audit şirkətinin verdiyi rəyə əsasən məlumat verilir.

Aviadaşıyıcı 2020-ci ildə pandemiya səbəbindən uçuşların azalması səbəbi ilə daşımalar üzrə gəlirlərini 335.23 mln. manata qədər azaldıb. Bu da 2019-cu illə müqayisədə 67% azalmadır. Buna baxmayaraq, COVID-19 ilə əlaqadar olaraq hökumətdən 232.08 mln. manatlıq subsidiya alıb. Aviaşirkətin əməliyyat xərcləri 540.15 mln. manat təşkil edib (2019: 949.59 mln. manat).

Bununla da onun 27.17 mln. manatlıq (2019: 58.87 mln. manat) əməliyyat mənfəəti olub.

Rəydə qeyd edilir ki, AZAL-ın 83.97 mln. manatlıq maliyyə xərcləri, 9.4 mln. manatlıq xariclə valyuta mübadiləsindən yaranan zərəri baş tutub.

10.22 mln. manatlıq (bunun 9.46 mln. manatı təxirə salınmış vergi borcudur) mənfəət vergisi xərcindən sonra onun xalis zərəri 76.41 mln. manat olub. Pandemiyanın hələ ayaq qoymadığı 2019-ci ildə zərərin həcmi 78.77 milyon manat idi.

İllərdir fəaliyətini zərərlə davam etdirən milli aviaşirkətin 1 yanvar 2021-ci il tarixinə olan hesabatında balansındakı yığılmış zərəri 1 mlrd. 763.92 mln. manata çatıb. Yığılmış zərərdən sonra onun kapitalı sıfırın altındadır, yəni kəsir mövcuddur. Çünki, AZAL-ın 823.97 mln. manatlıq nizamnamə kapitalı və 160.18 mln. manatlıq əlavə ödənilmiş kapitalı var. Bu da o deməkdir ki, cəmi kapitalı sıfırın altında 779.76 milyon manatdır. Rəydə qeyd edilir ki, kapitalın mənfi zonaya keçməsi və qısamüddətli öhdəliklərinin qsamüddətli aktivlərini ötməsi 2015-2016-cı illərdə baş vermiş devalvasiya əlaqələndirilir.

Qeyd edək ki, AZAL da artıq Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

11 1 222 1 23 1

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)