Milli Məclis büdcənin icrasını müzakirə edəcək
2022-ci ilin dövlət büdcəsinin icrası Milli Məclisdə müzakirə olunacaq.
ENA.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin yaxın günlərdə iclası gözlənilir.
İclasda qanunvericiliyə uyğun olaraq, cari ilin büdcəsinin icrası müzakirə edildikdən sonra labüd olacağı təqdirdə büdcəyə yenidən baxılması qərara alına bilər.
Qeyd edək ki, “Büdcə sistemi haqqında qanun”a əsasən, dövlət büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığın təmin olunması onun tərtibinin və icrasının, həmçinin gəlir və xərclərin məbləğinin dəyişdirilməsi ilə bağlı dövlət büdcəsinə yenidən baxılmasının mühüm şərtidir.
Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinə yenidən baxılması zərurəti yarandıqda və bu zərurətin cari il üçün dövlət büdcəsi layihəsinin tərtibi və təsdiqi zamanı nəzərə alınması mümkün olmamışdırsa, qanunvericilik təşəbbüsü qaydasında və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndi nəzərə alınmaqla cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər.