Ukrayna Ordusu Nikolayev və Xerson istiqamətində bir neçə yaşayış məntəqəsini azad edib
Ukrayna Silahlı Qüvvələri Nikolayev və Xerson vilayətlərinin inzibati sərhədlərində yerləşən bir neçə yaşayış məntəqəsinə nəzarəti geri qaytarıb.
Məlumatı Ukrayna Baş Qərargahı “Facebook” hesabında paylaşıb. Paylaşımda azad edilmiş yaşayış məntəqələrinin adları qeyd olunmayıb.
Əlavə olunub ki, Rusiya qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində tam nəzarətin ələ keçirilməsi və işğal altındakı Krıma quru dəhlizinin yaradılması məqsədi ilə Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarını dayandırmayıb.
“Donetsk və Luqansk vilayətlərində son 24 saat ərzində düşmənin 11 hücumu dəf edilib, 5 tank, 7 zirehli döyüş maşını və beş nəqliyyat məhv edilib”, – deyə məlumatda vurğulanıb.
Qeyd olunub ki, Rusiya Moldovanın Dnestryanı regionunda gərginliyin artırılmasına çalışır. Əlavə olunub ki, Rusiya Ukrayna qoşunlarının fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə əməliyyat-taktiki və strateji aviasiya vasitələrindən raket atışları edir:
“Rusiyanın düşmən bölmələri Liman, Severodonetsk və Popasnaya ərazilərində hücum əməliyyatları həyata keçirməyə çalışırlar, lakin bu uğursuzluqla bitib. Mariupolda rusiyalı işğalçılar səylərini “Azovstal”dakı Ukrayna bölmələrinin bloklanmasına və məhv edilməsinə fokuslayıblar. Aviasiya dəstəyi vasitəsi ilə düşmən kombinata tam nəzarətin ələ keçirilməsi məqsədi ilə hücumları davam etdirib”.
Məlumatda vurğulanıb ki, Ukraynanın HHM qüvvələri Rusiyaya məxsus 9 hava hədəfini zərərsizləşdirib. Bunlardan dördü PUA, üçü qanadlı raket, ikisi isə qırıcı təyyarə olub.