Sorğu: Azərbaycandakı CEO-ların 77%-i biznesin inkişaf edəcəyinə inanırlar
“PwC Azerbaijan" şirkəti “Azərbaycanda 5-ci İllik CEO Sorğusunun” təqdimatını keçirib.
Hesabat Azərbaycanda və bütün dünyada şirkət rəhbərlərinin qlobal iqtisadiyyatın bərpasından başlayaraq xalis sıfır emissiyaya malik cəmiyyətə hazırlığa qədər ən aktual çağırışlara necə cavab verdiyini əks etdirir.
“PwC Azerbaijan»ın Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev sorğunun nəticələrini təqdim edib.
“Azərbaycanda və bütün dünyada iqtisadi artımla bağlı nikbinlik güclənməkdə davam edir və hətta ötən illə müqayisədə daha da artıb. Bu, pandemiyanın ikinci ilində, yəni 2021-ci ildə tələbatın sürətlə bərpası faktı ilə təsdiqlənir. Sağlamlıq riskləri yenidən bir nömrəli təhlükə olaraq qalmaqdadır, geosiyasi münaqişələr isə ikinci yerdə dayanır. Mikroiqtisadi dəyişkənlik kifayət qədər yüksəkdir və Rusiya-Ukrayna müharibəsi, eləcə də güclü geosiyasi turbulentliyi nəzərə alaraq, bu riskin il ərzində artacağı gözlənilir”,- Paşayev bildirib.
Sorğunun əsas nəticələri:
- Azərbaycandakı şirkət rəhbərlərinin 79%-i növbəti 12 ay ərzində qlobal iqtisadi artım tempinin yüksələcəyinə inanırlar;
- Azərbaycandakı şirkət rəhbərlərinin 77%-i öz şirkətlərinin inkişaf etməsinə çox inanırlar;
- Azərbaycandakı şirkət rəhbərlərinin 62%-i sağlamlıq risklərini, daha sonra isə geosiyasi münaqişələri (48%) həll olunmalı əsas prioritetli məsələ kimi nəzərdən keçirirlər. Kiber risklər və makroiqtisadi dəyişkənlik hələ də əsas təhlükələr sırasındadır;
- Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 18%-i “xalis sıfır” öhdəliyi götürüb və ya götürmək niyyətindədir;
- Azərbaycandakı şirkət rəhbərlərinin 50%-i ən azı ildə bir dəfə yeni layihələrə sərmayə yatırır.
“PwC Azerbaijan"ın məlumatına görə, sorğu 2021-ci ilin oktyabr-dekabr aylarında aparılıb və cavablar CEO-ların Rusiya ilə Ukrayna arasında müharibənin təsiri nəticəsində formalaşan əhval-ruhiyyəsini və fikirlərini əks etdirmir.