Banklardakı əmanətlərin həcmi 30 milyardı keçdi

2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda əhalinin bank əmanətləri (özünüməşğulluq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri də daxil olmaqla) 12,2% artaraq 10 milyard 372 milyon manata çatıb.
Azərbaycan Mərkəzi Bankından verilən məlumatına görə, əhalinin xarici valyutada olan bank əmanətləri 15,8% artaraq 4 milyard 387,1 milyon manat olub. Beləliklə, hazırda əhalinin bütün əmanətlərinin 42,3 faizini xarici valyutada olan pullar təşkil edir. Xatırladaq ki, 2021-ci ilin sonuna xarici valyutada əmanətlərin payı 41 faiz idi.
Əhalinin milli valyutada əmanətlərinin həcmi isə 9,8 faiz artaraq 5 milyard 984,9 milyon manat olub. Hazırda bütün əmanətlərin 57,7 faizini milli valyutada əmanətlər təşkil edir.
Rezidentlərin bank depozitlərinin həcmi 9 milyard 649,5 milyon manat, qeyri-rezidentlərin isə 722,5 milyon manat təşkil edir. Yanvar-mart aylarında rezidentlərin əmanətləri 7,9%, qeyri-rezidentlərin əmanətləri 2,4 dəfə artıb.
Ümumilikdə, 2022-ci il martın 31-nə Azərbaycanda banklardakı əmanətlərin həcmi ilk dəfə olaraq 30 milyard 508,5 milyon manatı keçib ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 5,1% çoxdur.