Putin Buça qətliamında təqsirli bilinən briqadaya fəxri ad verdi
Rusiya Prezidenti Vladimir Putin 64-cü Əlahiddə Motoatıcı Briqadasına “Qvardiya” fəxri adının verilməsi barədə fərman imzalayıb.
ENA.az xəbər verir ki, bu barədə məlumatı Rusiya mediası yayıb.
Fərmana əsasən, Putin sözügedən bölməni Vətənin müdafiəsi üzrə döyüş əməliyyatlarında göstərdiyi şücaətə görə təltif edib.
Qeyd edək ki, “CNN” isə öz növbəsində yazıb ki, çoxsaylı beynəlxalq liderlərin Ukraynanın Buça və Borodyanka şəhərlərində rus qoşunların törətdiyi vəhşilikləri pisləməsindən sonra bu addım Ukrayna hökumətinə və Qərbə ictimai mesaj kimi qiymətləndiriləcək. Bildirilir ki, Rusiya qüvvələrinin Kiyev vilayətindən çıxarılmasından sonra qətlə yetirilən mülki şəxslərin olduğu kütləvi məzarlıqlar aşkar edildikdən sonra Ukrayna Müdafiə Nazirliyi 64-cü Əlahiddə Motoatıcı Briqadasının qoşunlarını hərbi cinayətkarlar adlandırıb.