Gündəm

Rusiyada SSRİ ilə nasist Almaniyasını bərabər tutanlar həbs olunacaqlar

Rusiya Prezidenti Vladimir Putin SSRİ və nasist Almaniyasının İkinci Dünya Müharibəsindəki rolunun ictimai şəkildə eyniləşdirilməsinə görə vətəndaşların cərimə edilməsi və ya həbs edilməsi haqqında qanun imzalayıb.

ENA.az xəbər verir ki, qanuna əsasən, ictimai çıxışlar zamanı, eləcə də mediada və internetdə bu barədə məlumat yayanlar məsuliyyətə cəlb olunacaq.

Belə ki, bununla bağlı fiziki şəxslər üçün iki min rubla qədər cərimə və ya 15 günə qədər inzibati həbs nəzərdə tutulub. Təkrar pozuntu halında isə cərimə beş min rubla qədər artırılacaq.

Hüquqi şəxslər 50 min rubla qədər cərimə edilə bilər. Təkrar pozuntu halında isə, onlar 90 günə qədər fəaliyyətlərinin dayandırılması ilə üzləşəcəklər.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr edilib. Həmin əlavələr 2021-ci il iyulun 1-də V.Putinin imzaladığı “Nasist Almaniyasının məğlub edilməsində SSRİ-nin həlledici rolunu” inkar etməyi qadağan edən federal qanunun pozulmasına görə məsuliyyət yaradır. Bu qanun ictimai çıxış, ictimaiyyətə nümayiş olunan əsərlər, media və internetə şamil edilir.

Təşəbbüs Vahid Rusiya Partiyasının deputatları Yelena Yampolskaya və Aleksandr Jukov, senatorlar Aleksey Puşkov və Olqa Kovitidi tərəfindən irəli sürülüb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)