Dünyada ərzaq qiymətləri tarixi maksimuma çatıb
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, mart ayında dünya ərzaq qiymətləri birdən-birə 12.6% artaraq 1990-cı ildən bəri ən yüksək səviyyəyə çatıb.
ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Mütəxəssislərin sözlərinə görə, Ukraynadakı hadisələr dənli bitkilər və bitki yağları bazarında qarışıqlığa səbəb olub. Xüsusilə, şəkər və süd məhsullarının qiymətində xeyli artım qeydə alınıb.
Mart ayı ərzində bitki yağları 23.2% bahalaşıb. FAO izah edir ki, Qara dəniz regionundakı vəziyyətlə əlaqədar günəbaxan yağının tədarükü azalıb. Nəticədə, palma, soya və raps yağlarına tələb artıb.
Taxın 17.1% bahalaşıb ki, bu da 1990-cı ildən bəri maksimum göstəricidir. Qiymətlər ən çox buğda (19.7%) və yem taxıllarında (20.4%) artıb. Bu, Ukrayna və Rusiyadan tədarükün kəsilməsi ilə əlaqəli olub.
Dünya bazarında xam neftinin kəskin bahalaşması səbəbindən şəkər də 6.7% bahalaşıb. Buna Braziliya realının ABŞ dollarına nisbətdə möhkəmlənməsi təsir göstərib.
Ətin qiyməti 4.8% artaraq tarixi maksimuma çatıb. Donuz əti ən çox Qərbi Avropada bahalaşıb. İxrac ölkələrində quş qripi səbəbindən quş ətinin qiymətləri də artıb.
Sənədə əsasən, süd məhsullarında da artım qeydə alınıb. Bu kateqoriyadan olan məhsulların qiymət indeksi martda 2.6% bahalaşıb. İndeks artıq yeddinci aydır ki, yüksəlib. Eyni zamanda quru süd və kərə yağının qiymətlərində də artım olub.
Ümumdünya Ticarət Təşkilatı 2000-ci illərin ikinci yarısında yüksək inflyasiya səbəbindən baş verən ərzaq iğtişaşlarının təkrarlanmasını mümkün hesab edir. Bu barədə ÜTT-nin rəhbəri Nqozi Okonjo-İveala məlumat verib. Onun sözlərinə görə, dünyanın ən kasıb ölkələrində xalq iğtişaşları Ukraynadakı münaqişə və sonrakı anti-Rusiya sanksiyaları fonunda ərzaq qiymətlərinin yüksək olması səbəbindən real görünür.