Bayden bazara əlavə neft çıxartmaq tapşırığı verdi. Neft ucuzlaşır
ABŞ prezidenti Co Baydenin növbəti altı ay ərzində bazara strateji ehtiyatdan (SPR) gündə orta hesabla 1 milyon barel neft göndərmək niyyəti ilə bağlı bəyanatından bir gün əvvəl ucuzlaşan neftin qiyməti bugün yenə də enməyə davam edib.
Ağ Evdə çıxış edən Bayden Amerika şirkətlərini neft qiymətlərini aşağı salmaq üçün hasilatı artırmağa çağırıb. Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, Rusiya Federasiyasından enerji ixracının rolunu azaldacaq.
Bundan əlavə, Bayden Konqresə ABŞ şirkətlərini daha aktiv neft hasilatına sövq edəcək tədbirləri nəzərdən keçirməyi təklif edib.
Londonun ICE Futures birjasında cümə günü saat 9:10-a Brent markalı neftin iyun fyuçerslərinin dəyəri bir barel üçün 104,35 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,36 dollar (0,34%) aşağıdır.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda may ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 99,66 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,62 dollar (0,62%) aşağıdır.
Martda Brent 6,9%, WTI 4,8% artıb.
S&P Global Commodity Insights analitiki Marşall Stiv Baydenin neftin SPR-dən azad edilməsi qərarını şərh edərkən, "Prinsipcə, bu, neftin qiymətinin yaz artımını minimuma endirmək üçün nəzərdə tutulmuş müvəqqəti tədbirdir. Bu, bazara tədarükü bir qədər artıracaq və qiymətləri müvafiq olaraq sıxacaq”, -deyib.
"Lakin Ukraynadakı müharibə bazara həlledici təsir göstərir və əsas amil Rusiya neftinin mümkün itkisi olaraq qalır", - Market Watch ekspertdən sitat gətirib.
Goldman Sachs-ın analitikləri Baydenin planları ilə bağlı məlumatların ortaya çıxmasından sonra 2022-ci ilin ikinci yarısı üçün Brent neftinin qiyməti ilə bağlı proqnozlarını bir barel üçün 10 dollar azaldıb, 125 dollar/barelə endiriblər. Ekspertlərin fikrincə, ABŞ-ın hərəkətləri “neft bazarında struktur defisit” problemini tam həll etməyəcək.