BİZNES

"Rusiyaya satdığım məhsulun pulunu ala bilmirəm, danışanda da deyirlər ki, demaqoqsan"

Rusiyaya məhsul ixrac edən Azərbaycan sahibkarları ciddi problemlə üzləşiblər. Şirkətlər satdıqları məhsulun müqabilində pullarını geri ala bilmədiklərini və nəticədə bizneslərinin ağır ziyanla üzləşdiklərini qeyd edirlər.

ENA.az sahibkarlardan biri bu barədə söhbətini qısa olaraq təqdim edir:

- İllik ixracınız nə qədərdir?

-110 milyon dollarlıq məhsul satıram, yarısı Rusiya və Ukrayna bazarına düşür. 20 gündən çoxdur, çox pis vəziyyətdəyik, ancaq dövlət qurumlarından bizimlə bir maraqlanan yoxdur, danışanda da deyirlər ki, demaqoqsan.

- Nə qədər pulunuz qalıb?

- Böyük məbləğdə pulum Rusiyada qalıb. Rusiya Svift  sistemindən çıxarılandan sonra pulumuzu geri ala bilmirik. Müştəri pulu ödəməyə hazırdır, ancaq biz necə alaq, bunun yolu tapılmır. Axı biznes üçün hər saat qiymətlidir, bizim də bəlli xərclərimiz, bank kreditlərimiz var. Banklar pullarını tələb edirlər, biz isə bu vəziyyətlə əlaqədar pulumuzu ala bilmirik.

-Müharibə başlayandan sonra Rusiyaya məhsul göndərmisiniz?

- Bəli göndərmişəm, müqavilə üzrə öhdəliyimiz var, axı.

- Pulunuzu almaq üçün hansısa ipucu varmı?

- Özümüz müxtəlif yollar arayırıq. Məsələn mən alıcı ilə ilkin şəkildə razılaşdırmışam ki, başqa valyuta ilə ödəniş etsin. Ola bilər ki, o rublu Çin yuanına dəyişib, yuanla bizim pulu ödəsin. Bunun üzərində işləyirik.

- Bununla bağlı hansısa dövlət qurumlarına müraciət etmisinizmi?

- Bizi incidən də odur ki, axı Azərbaycanın ixracında bir nömrəli bazar Rusiyadır. Bu qədər vaxt keçib, bir aidiyyəti qurum fikirləşmir ki, bu sahibkar pulunu necə alacaq?! Bu məsələ Svift məsələsi qaldırılan kimi normal şəkildə müzakirə edilib, alternativ yollar tapılmalı idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)