2 ayda Azərbaycana qoyulan pulun 41,8% xarici kapital olub
2022-ci ilin yanvar-fevral aylarında əsas kapitala 1339,7 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1% az vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 11,2% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,1% artıb.
İstifadə olunmuş vəsaitin 984,3 milyon manatı və ya 73,5%-i məhsul istehsalı sahələrinə, 240,6 milyon manatı (17,9%-i) xidmət sahələrinə, 114,8 milyon manatı (8,6%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 560,2 milyon manatını (41,8%) xarici, 779,5 milyon manatını və ya 58,2%-ni daxili vəsaitlər təşkil edib.
2021-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,2% azalıb.