Brent 200 dolları keçə bilər: bugünə olan qiymətlər
Neft qiymətləri bugün səhər sessiyasında yüksəliş nümayiş etdirir. Londonun ICE Futures birjasında cümə günü saat 9:10-a Brent markalı neftin may fyuçerslərinin dəyəri bir barel üçün 109,47 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,14 dollar (0,13%) çoxdur.
Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında aprel ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 106,48 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,46 dollar (0,43%) çoxdur.
Bazar iştirakçıları Ukraynadakı vəziyyətə və Vaşinqtonun Rusiya neftinin idxalını dayandırmaq qərarına diqqət yetirirlər. Analitiklər ehtiyat edirlər ki, Qərb ölkələrinin əksəriyyəti ABŞ-ı izləsə və Rusiyadan neft tədarükünə qadağalar tətbiq etsələr, kotirovkalar bir barel üçün 200 dolları keçə bilər.
Tyche Capital Advisors-dan Tariq Zahir bildirib ki, Rusiya neft qiymətləri üzrə "əsas oyunçudur" və Səudiyyə Ərəbistanı qlobal bazara tədarükünü sürətlə artıra bilən yeganə ölkə olaraq qalır.
Zahir hesab edir ki, Şərqi Avropada vəziyyət pisləşərsə, WTI neftinin qiyməti asanlıqla 130 dollar/barelə çata və ya hətta onu keçə bilər. Onun fikrincə, volatillik bazarı tərk etməyəcək və daxil olan xəbərlərə reaksiya verərək gün ərzində qiymətlər bir barel üçün 8 dollar civarında dəyişə bilər.