Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız səfər edə bilərlər
Yaşayış yerinin planlaşdırılması sahəsində dünya üzrə lider sayılan “Henley & Partners” şirkəti mütəmadi yenilənən qlobal “Pasportlar indeksi” reytinqinin növbəti versiyasını dərc edib. Yeni reytinqdə Azərbaycan pasportunun mövqeləri möhkəmlənib.
"BI" yenilənmiş “Pasportlar indeksi” reytinqinə əsaslanaraq xəbər verir ki, Azərbaycan vətəndaşları 66 ölkəyə vizasız səfər edə bilərlər. Şirkətin məlumatında deyilir: “Üç ay bundan əvvəl olduğu kimi, 2019-cu ilin əvvəlində də Azərbaycan vətəndaşları dünyanın 66 ölkəsinə vizasız rejimdə səfər etmək imkanına malikdirlər. Son üç ayda İndeksdə bir pillə yuxarı qalxmış Azərbaycan hazırda 104 ölkə arasında 74-cü yeri tutur”.
Qeyd edək ki, bir il bundan əvvəl Azərbaycan vətəndaşları dünyanın 63 ölkəsinə vizasız səfər edə bilərdi.
2019-cu ilin əvvəlində İndeksin lideri Yaponiya olub. Bu ölkənin vətəndaşları dünyanın 190 dövlətinə vizasız səfər edə bilərlər. Bir il bundan əvvəl müvafiq göstəricisi 177 ölkə olan Almaniya İndeksdə birinci yeri tuturdu. Hazırda Fransa ilə eyni göstəriciyə (188 ölkə) malik olan Almaniya üçüncü yeri onunla bölüşür.
İkinci yeri tutan Cənubi Koreya son üç ayda vizasız səfər etmək imkanı olan ölkələrin sayına görə Hindistanı geridə qoyun və indeksdə bir pillə irəliləyib. “Henley & Partners” şirkətinin hesabatında göstərilir ki, Sinqapur da ikinci yerdədir (189 ölkə).
Son üç ayda Rusiya, Türkiyə və Qazaxıstanın göstəriciləri dəyişməyib. Bu dövlətlərin vətəndaşları, müvafiq surətdə, 119, 111 və 76 ölkəyə vizasız rejimdə səfər edə bilərlər. Gürcüstan iki yeni ölkə ilə vizasız gediş-gəliş rejimi barədə müqavilə bağlayıb və hazırda 114 ölkə göstəricisi ilə 51-ci yeri tutur.
İndeksdə sonuncu yerləri İraq və Əfqanıstan tutur. Bu dövlətlərin vətəndaşları 30 ölkəyə vizasız səfər edə bilərlər.
Hazırda 6-cı yeri tutan (185 ölkə) Böyük Britaniya və ABŞ İndeksdə mövqelərini itirməkdə davam edirlər. Ekspertlər bu ölkələrin 2015-ci ildə tutuqları birinci yerdən xeyli aşağı düşməsini onların yürütdüyü “bağlı qapılar” siyasəti ilə izah edirlər.
Qeyd edək ki, “Henley & Partners” şirkəti yaşayış yerinin planlaşdırılması sahəsində beynəlxalq liderdir. Hər il yüzlərlə imkanlı adam, onların ailə üzvləri və şəxsi məsləhətçiləri şirkətin bu sahədə çoxillik təcrübəsindən bəhrələnir. Şirkətin mütəxəssislərindən ibarət komanda dünyanın müxtəlif guşələrində 30-dan çox ofisdə xidmət göstərir.
“Henley & Partners” şirkəti 1990-cı illərdə investisiya vətəndaşlığı və müvəqqəti pasport konsepsiyasını yaradıb. Müasir dövrdə alternativ vətəndaşlıq və ya müvəqqəti pasport almaq barədə düşünən beynəlxalq sahibkarların və investorların sayı get-gedə artır.
“Henley & Partners” şirkəti həm də müxtəlif ölkələrin hökumətlərinin müşaviri qismində çıxış edir. Ayrı-ayrı ölkələrin iqtisadiyyatına birbaşa xarici investisiyalar kimi 8 milyard ABŞ dollarından çox vəsait cəlb etmiş bu şirkət dünyada bir neçə ən uğurlu investisiya proqramının işlənib hazırlanmasında və tətbiq olunmasında iştirak edib.