Elm və Texnologiya

"EnterpriseAzerbaijan" portalına yeni rəhbər təyin olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "EnterpriseAzerbaijan" portalına yeni rəhbər təyin olunub.

ENA.az quruma istinadən xəbər verir ki, bu, Mətanət Musayevadır.

O, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində bakalavr və magistr təhsili alıb, fakültənin doktorantura pilləsində təhsilini davam etdirib və Coğrafiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb, 2019-cu ildən Dosent elmi adını alıb və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunda elmlər doktoru proqramı üzrə qiyabi doktorantdır.

M.Musyave 50-dən artıq elmi əsərin, 2 monoqrafiyanın, 1 dərsliyin və 15 dərs proqramının müəllifidir, 2007-ci ildə Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub, 2017-ci ildə ilk Respublika İnnovasiya Müsabiqəsinin qalibi olub.

"EnterpriseAzerbaijan" portalı Prezident İlham Əliyevin 2018-ci il 19 sentyabr tarixli "Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı əsasında yaradılıb. Portalın məqsədi sahibkarlığın inkişafını təmin etdirməklə, yeni ideya, startap, investisiya və yaxud biznes layihələrinin həyata keçməsində alternativ maliyyə mənbələrini ölkə iqtisadiyyatına cəlb etmək, portala yerləşdirilən layihələri yerli və xarici investorların diqqətinə çatdırmaqda vasitəçi olmaq, yerli sahibkarlara və startapçılara layihələrini dünya standartlarına uyğunlaşdırmaqda və təkminləşdirməkdə dəstək göstərməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)