BİZNES

"Unun qiyməti artıb, ziyanla işləyirik"

Ölkədə unun son bir neçə ayda davam edən tədricən bahalaşması prosesi  artıq çörək istehsalçılarını, o cümlədən əhalini narahat etməyə başlayıb. Belə ki, son aylarda 50 kiloqramlıq kisələrin qiymətində unun  növündən asılı olaraq 2-5 manat arasında artım qeydə alınıb. Ötən ay isə 1 manat bahalaşma olub. İstehlakçılar isə bu səbəbdən çörəyin çəkisində müəyyən azalmaların olduğunu bildirirlər.

Unun qiymətinin artması haqda danışan çörək istehsalçıları da təsdiqləyiblər.

Təndir çörəyi satışı ilə məşğul olan kiçik sahibkar bir ay öncə  27 manata aldığı un kisəsini indi 28.50 manata aldığını bildirdi: "50 kiloqramlıq ”Mehriban" unu  27 manatdan 28.50 manata qalxdı, "Sarı Sünbül” ununun 50 kiloqramlıq kisəsi əvvəl 26 manat idi, sonra 26.50-yə qalxdı, indi də 27.50 manatdır. "Karmen” unu 25.40 manatdan 27 manata qalxdı. Öncəki aylarda 30-40 qəpiklik cüzi artım baş verirdisə, son bir ayda 1 manat bahalaşma oldu".

"Gilan Holdinq №1" çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov da təsdiqlədi ki, unun qiymətində son aylar bahalaşma var:

”Bu da bizim işimizə birbaşa  təsir edir, unun qiyməti qalxırsa, çörəyin maya dəyəri də artır. Hələ ki çörəyin çəkisini azaltmamışıq. Hazırda ziyanla işləyirik. Unun qiymətinin tənzimlənməyini istəyirik. Son 6 ayda unun qiyməti orta hesabla 40 faizə qədər qalxıb. Əvvəllər kiloqramını 39 qəpiyə alırdıq, indi isə 53-55 qəpiyə qalxıb. Fikrimcə, səbəb xarici amillərlə bağlıdır. Biz unu, buğdanı xaricdən idxal edirik. Rusiyada məhsul az olub, qıtlıq olduğu üçün qiymətin qalxdığını düşünürük".

Ekspertlər isə unun bahalaşmasına səbəb kimi dünya bazarında baş verən qiymət artımı göstərirlər. Çünki Azərbaycana ərzaq buğdası xaricdən idxal olunur. Unun qiyməti ilə bağlı market və mağazalarda apardığımız müşahidə zamanı bahalaşmanın şahidi olduq. Çəki ilə satılan unun qiymətində 4-5 qəpik, bəzi kağız bağlamalardakı unun qiymətində isə 10 qəpik civarında artım var.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında yer alan son statistik məlumata əsasən, ötən ilin 11 ayında  ölkəmizə 992 353.87  ton buğda idxal olunub və bunun üçün 187 milyon 540 min 920 min ABŞ dolları vəsait xərclənib. Bu rəqəmləri nəzərə alsaq, deyə bilərik ki, bir ton ərzaq buğdası 188 dollara, yəni təxminən 320 manata başa gəlir.

Ötən ilin müvafiq dövrü ilə müqayisə etsək, 2017-ci ilin 11 ayında  1 milyon 120 min 804.47 ton buğda idxal edilib və bunun üçün  200 milyon 631min 780 ABŞ dolları vəsait xərclənib.  Belə olan halda, buğdanın 1 tonu 179 dollara başa gəlib və bu da manat ifadəsində 304 manata bərabərdir. Buğdanın hər tonuna görə 16 manatlıq bahalaşma sonda unun qiymətində də öz əksini tapır.

Artımın səbəbi ötən il dünyada taxıl istehsalının aşağı düşməsidir. Belə ki, Beynəlxalq Taxıl Şurasının məlumatına görə, ötən il avqustun 2-dək dünya üzrə 737 milyon ton buğda istehsal edilib. Ötən ilin eyni dövründə istehsal 758 milyon ton idi.  Əsas taxıl ixracatçılarından olan Rusiyada da taxıl istehsalında geriləmənin olduğu bildirilir. Bütün bunlar həm birbaşa, həm də informativ olaraq unun qiymətinə təsir göstərir. Bunun çörəyin qiymətinə və ya çəkisinə necə təsir göstərəcəyini isə qarşıdakı dövrdə görə biləcəyik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)