Naxçıvandan İranın bir neçə şəhərinə yeni aviareys açıla bilər
İranın Naxçıvan Muxtar Respublikasındakı baş konsulu Seyid Əhməd Hüseyni Naxçıvan MR Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli ilə görüşüb.
Görüşdə Tehran və Naxçıvan MR arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirələr aparılıb.
Ə.Hüseyni İran və Naxçıvan MR arasında hava nəqliyyatı sahəsində əməkdaşlığın zərurətindən danışıb və bildirib ki, Baş Konsulluq bu sahədə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.
M.Gülməmmədli Naxçıvan MR Beynəlxalq Hava Limanı ilə İranın bir neçə şəhəri arasında aviareyslərin açılmasının mümkünlüyündən danışıb.O, qeyd edib ki, bu sahədə bir sıra proqramlar hazırlanır.
Görüşdə tərəflər İran və Naxçıvan arasında aviareyslərin açılması ilə bağlı əməkdaşlığı davam etdirmək haqqında razılığa gəliblər.