Banklar depozitlər üzrə faizləri ödəmək üçün nə qədər xərc çəkirlər? - RENKİNQ
Bankların xərcləri arasında depozitlər üzrə ödənilən faizlər mühüm yer tutur. Maraqlıdır ki, bəzi banklarda depozit portfeli artsa da, faiz xərcləri əksinə kifayət qədər böyük azalma göstərib.
ENA.az faiz xərcləri üzrə ölkəmizdə fəaliyyət göstərən 26 bankın rəqəmlərini təhlil edib. Məlum olur ki, Azərbaycan Beynəlxalq Bankının depozit portfeli bir il ərzində 27 milyon manat azaldığı halda, faiz xərcləri 17,7 milyon manat və ya 20,4% azalıb. PremiumBank-da depozit portfeli il ərzində 8 milyon manat artdığı halda, faiz xərcləri 36,6% və ya 5 milyon manat azalıb. Məlumdur ki, son illər banklar əhalidən qəbul etdiyi vəsaitlər üzrə faiz dərəcələrini aşağı salıblar. Bu azalmalarda əsas pay da məhz pul sahiblərinə verilən faiz gəlirlərinin kiçilməsi ilə bağlıdır. Məsələn, hazırda Azərbaycan Beynəlxalq Bankında “klassik”depoziti üzrə aylıq faiz gəliri 0,1% təşkil edir.
Adətən aktiv kreditləşməyə gedən Unibank (32.5% artım) kimi qurumlar isə faiz xərclərini stabil saxlamağa çalışırlar. Bir məsələni də qeyd edək ki, bəzi banklar əlavə vəsaitlərini digər banklarda çox aşağı faizlə depozit kimi yerləşdirirlər. Aktiv kreditləşməyə getdikdə isə həmin vəsaitlər geri çəkilərək, depozitə yönəldilir.