Mərkəzi Bankın ən uzun mətbuat konfransından çıxartdığımız – MANATLA BAĞLI 5 NƏTİCƏ
Bugün Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mətbuat konfransına qoşulan jurnalistlərin sualına cavab vermək baxımından ən uzun vaxtını sərf etdi. Onlayn format və texniki məsələlərə baxmayaraq və başlıcası öz mandatı üzrə nəyi demək olarsa, açıqlamasında yer verdi. ENA.az olaraq 1 saat 50 dəq ərzində eşitdiklərimizdən çıxartdığımız nəticələri diqqətinizə çatdırırıq.
1. 2022 və 2023-cü ildə Azərbaycan manatının məzənnəsinin dəyişməsini gözləməyin. Bu planda yoxdur, xüsusən də biznes qarşıdakı 2 il üçün işini bu əsasda proqnozlaşdıra bilər.
2. Son 5 ildə Mərkəzi Bankın valyuta ehtiyatları 2,5 milyard dollardan çox artıb. Yəni Mərkəzi Bank bu hissəni bazardan götürüb. Belə bir bir hüquq ancaq Mərkəzi Bankda var ki, manatın məzənnəsini qorumaq üçün intervensiya etsin. Yəni indi Mərkəzi Bank manatın məzənnəsini saxlamaq üçün valyuta xərcləmir.
3. Ölkədə inflyasiya amilləri güclüdür və Mərkəzi Bank hədəfi olan 4%-lik inflyasiyaya 2023-cü ilin əvvəlində nail ola biləcəyini düşünür. Yəni bu il inflyasiya ən böyük problemdir və onun cilovlanması üçün çalışacaq.
4. İnflyasiya əhalinin gəlirlərini yediyindən yığımlar azalacaq, bu isə öz növbəsində dollara olan tələbatı azaldacaq.
5. Mərkəzi Bank üzən məzənnə rejiminə tezliklə keçməyi planlaşdırmır, 2022-ci ildə bunu gözləməyin, 2023-cü ilə də proqnozlaşdırılmır. Amma bu istiqamətdə düşünülür, araşdırma aparılır, çünki bu proses çox ciddi hazırlıq tələb edir.