Apple bu il rekord sayda yeni məhsul təqdim edəcək
Bloomberg saytının məşhur jurnalisti Mark Gurman Apple şirkətinin bu il üçün olan planları barəsində məlumat verib. Onun verdiyi məlumatlara əsasən şirkət bu ilin payız fəslində rekord sayda yeni məhsul təqdim edəcək. Təqdim olunacaq yeni məhsullar arasında smartfonlar, planşetlər, kompüterlər, qulaqlıqlar və s. olacaq. Yeni məhsulların çoxu payız fəslində keçiriləcək bir neçə təqdimat tədbiri çərçivəsində təqdim olunacaq. Heç istisna deyil ki, məhsullardan bəziləri daha tez təqdim olunsunlar. Gurman-ın məlumatlarına əsasən bu il təqdim olunması gözlənilən yeni Apple məhsulları aşağıdakılardır:
- iPhone 14 seriyası: iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro və iPhone 14 Pro Max
- iPad 10
- Naqilsiz şarj texnologiyası ilə M2 prosessoruna sahib yeni iPad Pro
- M2 prosessoruna sahib tamamilə yeni MacBook Air
- M2 prosessoru ilə 14 düym ekrana sahib yeni MacBook Pro
- 27 düym ekrana sahib iMac
- Apple şirkətinin fərdi prosessoruna sahib yeni Mac Pro
- AirPods Pro 2
- 3 Apple Watch modeli: Watch Series 8, Watch SE 2 və daha dözümlü gövdəyə sahib Apple Watch.
Bütün bunlardan əlavə olaraq bu ilin yaz fəslində 5G dəstəkli yeni iPhone SE modelinin təqdim olunması da gözlənilir. Heç istisna deyil ki, şirkət həmçinin A15 Bionic prosessoruna sahib yeni iPad Air modelini də təqdim etsin. Son zamanlar ortaya çıxmış məlumatlara əsasən Apple bu il ilk qarışıq reallıq (AR + VR) cihazını təqdim edəcək. Lakin sözügedən cihazın təqdimatı gələn ilə kimi təxirə salına bilər.