MALİYYƏ

S&P Azərbaycanın kredit reytinqlərini təsdiq edib

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini BB+/B səviyyəsində təsdiq edib.

ENA.az bu barədə agentliyə istinadən xəbər verir. 

Məlumata görə, reytinqlər üzrə proqnoz "Sabit"dir.

“Sabit proqnoz ondan xəbər verir ki, Azərbaycan, Ermənistan və Rusiya arasında əldə olunmuş razılaşma qüvvədə qalacaq, əlverişli neft qiymətləri və qaz ixracının artması yaxın 12 ay ərzində Azərbaycanın maliyyə vəziyyətini və ödəmə balansını dəstəkləyəcək” - deyə S&P-nin məlumatında deyilir.

Xarici profisitlər S&P-nin gözləntilərini üstələyərsə, agentlik reytinqin mümkün artırılmasını nəzərdən keçirə bilər.

“Reytinq həmçinin, hökumət bəzi struktur maneələrin aradan qaldırılması istiqamətində islahatlar aparacağı təqdirdə artırıla bilər”, - agentliyin məlumatında deyilir.

"S&P-nin BB kateqoriyası təyin etdiyi ölkələrdən Azərbaycanın fiskal və xarici fond mövqeləri ən güclülərdəndir. Hökumət əsasən Dövlət Neft Fondu (ARDNF) suveren rifah fondu çərçivəsində əhəmiyyətli likvid aktivləri toplayıb. Proqnozlarımıza görə, 2025-ci ilədək hökumət, təxminən, ÜDM-in 70% səviyyəsində likvid aktivlərə çıxış imkanına malik olacaq, dövlət borcu isə ÜMD-in 30%-dən aşağı səviyyədə qalacaq. Əlverişli neft qiymətləri də Azərbaycanın maliyyə vəziyyətini və ödəmə balansını dəstəkləyir.

Azərbaycan ilə bağlı reytinqlərimizə əvvəlki kimi institusional effektivliyin zəifliyi, ölkənin iqtisadi bazasının dar və konsentrasiyalı olması, həmçinin pul-kredit siyasətinin məhdud çevikliyi kimi amillər mənfi təsir göstərir”, - deyə S&P bəyan edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)